Siyasət
Millət vəkili: "Psevdo-liberallar sülh prosesinə xələl gətirmək üçün yenidən fəallaşıblar"
"İslamofob mövqeyi ilə bədnam olan Avropa Parlamentində keçirilən dinləmə, qəbul edilən qətnamə Azərbaycanın təşəbbüskarı olduğu sülh və dövlətlərarası normallaşma prosesinə müdaxilə cəhdidir". Oxu.Az xəbər verir ki, bunu deputat Rizvan Nəbiyev parlamentin bugünkü iclasında deyib. O bildirib ki, "Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üçün strateji gündəlik" sənədində yer alan bir sıra məsələlər regiona qərəzli yanaşmanın bariz nümunəsidir: "Ermənistanın hərbiləşdirilməsi məqsədi ilə "Avropa Sülhü Fondu" adlandırılan mexanizmin yenidən işə salınması da bunu təsdiqləyir. Brüssel Ermənistanda insan haqlarının pozulmasına açıq şəkildə göz yumur. Cari il ərzində din xadimlərinin, siyasətçilərin həbsi ilə bağlı nə bir bəyanat verilib, nə də hər hansı dinləmə təşkil olunub. Əksinə, Ermənistan hökumətinə davamlı və məhdudiyyətsiz siyasi dəstək ifadə edilir. Daha bir narahatedici hal ondan ibarətdir ki, Ermənistanın və onun işğal dövründə Azərbaycanın ərazilərində yaratdığı marionet rejimin törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərinə görə hazırda Bakıda açıq məhkəməsi gedən erməni əsilli şəxslərə Avropa İttifaqı dəstək nümayiş etdirir". Deputat əlavə edib ki, təkcə Cənubi Qafqazda deyil, Avropa İttifaqının Mərkəzi Asiya və Çinlə ticarət münasibətlərində də Azərbaycanın malik olduğu geosiyasi mövqe, resurslar və yaratdığı infrastruktur həlledici əhəmiyyət daşıyır: "Biz isə Avropa İttifaqı-Ermənistan arasındakı "strateji gündəlik"də Zəngəzur dəhlizinə - TRİPP marşrutuna istinad görmədik. Reallıqların təhrifi və ikili standartlar Avropa İttifaqının regionda sülh, normallaşma və etimad quruculuğu proseslərinə qərəzli siyasətini bir daha nümayiş etdirir. Görünən odur ki, Avropa İttifaqı daxilində müəyyən qüvvələr, o cümlədən psevdo-liberallar regionda yaranmış sülh prosesinə xələl gətirmək niyyəti ilə yenidən fəallaşıblar". Məlik Məlikov
Mənbə
oxu.az