Siyasət
Ufuk Turganer: "Azərbaycan və Şimali Kipr Türk Respublikası arasındakı qardaşlıq əbədidir"
"Azərbaycan və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlər dərin köklərə malik dostluq tellərinə əsaslanır". Bu sözləri Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Turganer "Qardaşlığımız əbədidir" mövzusunda bu gün keçirilən incəsənət sərgisi zamanı Oxu.Az-a müsahibəsində deyib. Turganer Azərbaycan və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərin təkcə diplomatik çərçivə ilə məhdudlaşmadığını, tarixdən qaynaqlanan qədim qardaşlığa əsaslandığını qeyd edib. "Bu bağ ortaq dilimiz, mədəniyyətimiz və dəyərlərimizlə formalaşan həqiqi qəlb qardaşlığıdır. Biz də bu qardaşlığı daha da gücləndirmək üçün simvolik, lakin mənalı bir addım atmaq istədik", - deyə o bildirib. "Qardaşlığımız əbədidir" mövzusunda incəsənət sərgisinin açılış mərasimində çıxış edən Ufuk Turganer sərgidə həvəskar və peşəkar Azərbaycan rəssamlarının əsərlərinin nümayiş olunduğunu nəzərə çatdırıb. O, sərgilənən əsərlərin Azərbaycan və Şimali Kiprin təbiətini, mədəniyyətini və sivilizasiyasını əks etdirdiyini vurğulayıb və bundan böyük məmnuniyyət duyduqlarını ifadə edib. Azərbaycanla münasibətlərin onlar üçün xüsusi və son dərəcə dəyərli olduğunu bildirən Turganer son bir ildə Azərbaycanın ev sahibliyi ilə bir çox yüksəksəviyyəli toplantıların və görüşlərin keçirildiyini, Şimali Kiprdən rəsmi nümayəndə heyətlərinin ölkəyə səfər etdiyini xatırladıb. "2025-ci il bizim üçün çox məhsuldar bir il oldu. İnanırıq ki, 2026-cı il daha da dinamik və intensiv keçəcək", - deyə o, iki ölkə arasında əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib. Çıxışının sonunda Ufuk Turganer qardaşlığın əhəmiyyətini bir daha vurğulayıb. "Bu münasibətləri daha da inkişaf etdirmək və qəlb qardaşlığımızı gücləndirmək üçün səylərimizi davam etdirəcəyik", - deyə o qeyd edib.
{{gallery}} Töhfə Səməd
{{gallery}} Töhfə Səməd
Mənbə
oxu.az