Siyasət
Böyük Britaniyanın ticarət elçisi: "Azərbaycanın Orta Dəhlizin formalaşmasındakı rolu xüsusilə böyük imkanlar vəd edir"
"Azərbaycan və Mərkəzi Asiya üzrə Böyük Britaniyanın ticarət elçisi olaraq ilk səfərimi Azərbaycana etməkdən məmnunam. Xəzər sahillərindən başlayaraq ölkənin qərbində yerləşən Naxçıvana qədər səyahət etdim. Son günlər ərzində möhtərəm Prezident İlham Əliyevlə, nazirlərlə, dövlət qurumlarında çalışan həmkarlarla görüşmək, eyni zamanda, bu münasibətlərin önündə gedən işgüzar dairələrin nümayəndələri ilə bir araya gəlmək mənim üçün böyük şərəf idi". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan və Mərkəzi Asiya üzrə Böyük Britaniyanın ticarət elçisi Lord Con Olderdays belə deyib. Keçirdiyi görüşlərin son dərəcə məhsuldar olmasından bəhs edən ticarət elçisi Böyük Britaniya və Azərbaycan arasındakı əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə qürur duyduğunu bildirib. "Azərbaycanın Orta Dəhlizin formalaşmasındakı rolu xüsusilə böyük imkanlar vəd edir. Bu səfər mənə göstərdi ki, strateji tərəfdaşlar olaraq birlikdə əldə edə biləcəyimiz uğurlar bundan da çoxdur", - deyən Böyük Britaniya təmsilçisi iki ölkə arasında münasibətlərin gələcəyinə böyük həvəs və nikbinliklə yanaşdığını bildirib.
Mənbə
oxu.az