Siyasət
Hansı məhkumlar həbs cəzasından azad ediləcəklər?
Təyin edilmiş cəza dövründən asılı olmayaraq bəzi məhkumlar (ağır və xüsusilə ağır cinayətlər istisnadır) amnistiya nəticəsində müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər. Oxu.Az xəbər verir bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Prezident İlham Əliyevin təşəbbüsü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqında parlamentin qərar layihəsində əksini tapıb. Belə ki, - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; - Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla); - Bu qərar qüvvəyə mindiyi günədək, o cümlədən Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslər və ya həlak olmuş şəxslərin yaxın qohumları; - Xocalı soyqırımında əlil olmuş şəxslər, həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; - 1948-1953-cü və 1987-1991-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər; - 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər; - 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları; - Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş və ya sülhməramlı əməliyyatlarda iştirak etmiş şəxslər, həmçinin həmin vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları; - İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla); - Keçmiş SSRİ dövründə siyasi repressiyaya məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə bəraət almış şəxslər və onların yaxın qohumları; - Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş şəxslər və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa); - Qadınlar və cinayət törədərkən 18 yaşına çatmamış şəxslər; - Bu qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər; - Bu qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər; - Öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Mərahim Nəsib
Mənbə
oxu.az