Siyasət
Vüqar Bayramov: "Prezidentin amnistiya təşəbbüsü tarixi əhəmiyyətli addımlardan biridir"
Azərbaycan Prezidenti İlham Əliyev "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Deputat Vüqar Bayramov bununla bağlı Oxu.Az-a açıqlama verib. O bildirib ki, Azərbaycan Prezidenti sözügedən təşəbbüs 20 mindən artıq vətəndaşa şamil olunan böyük humanizm aktıdır: "Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Eyni zamanda bu il konstitusiyamızın qəbul edilməsinin 30 illiyi qeyd olundu. Son amnistiya təşəbbüsü bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xətti vətəndaşların hüquqlarının daha yaxından qorunmasıdır. Təbii ki, sosial və digər hüquqlarla yanaşı, məhz humanizm prinsipi əsasında 20 mindən artıq vətəndaşa amnistiya tətbiqi çoxsaylı ailələrə sevinc bəxş edilməsi deməkdir. Hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən humanitar təşəbbüslər irəli sürülür və reallaşır. Bu amnistiya da vətəndaşların həmin təşəbbüslərdən faydalanmasına şərait yaradır". Deputat qeyd edib ki, təşəbbüs Azərbaycanda vətəndaşların sosial-iqtisadi və digər hüquqlarının qorunmasına, onların dövlət tərəfindən daha sıx müdafiə olunmasına xidmət edir: "Ona görə də bu, Azərbaycan üçün tarixi əhəmiyyətə malik təşəbbüslərdən biri kimi qiymətləndirilməlidir". Məhərrəm Əliyev
Mənbə
oxu.az