Siyasət
Dünyanı anaların mərhəməti məhv edəcək
Qan Turalı yazır... Cəmiyyətlər iki yerə bölünür, feminen və maskulen... Bizim cəmiyyət və ümumilikdə Şərq cəmiyyətləri feminen cəmiyyətdir. Bu bölgünü necə başa düşmək lazımdır? Ailədəki ata və ana obrazlarına baxaq. Ana övladına daim sevgi ilə yanaşır, onun səhvlərini də görməməzliyə vurur. Ana övladını şərtsiz sevir. Ata isə belə deyil. O daha sərtdir. Övladının qarşısına tələblər qoyur. Onun sevgisi daha rasionaldır və daha şərtlidir. Bizim kimi cəmiyyətlərdə də feminenlik daha güclüdür. Başqa sözlə desək, mərhəmət daha güclüdür. Ancaq bu mərhəmət faydalıdırmı? Sadə bir misal verək, əvvəllər işlədiyim universitetdə belə bir təcrübə ilə qarşılaşmışdım. Tələbələr dərsə gecikirdi və bu sistematik xarakter almışdı. Bütün qrupun auditoriyaya toplanması bəzən 15-20 dəqiqə çəkirdi. İlk dərsdə xəbərdarlıq etdim. Ancaq növbəti dərsdə eyni ssenari təkrarlandı. Mən də auditoriyada olan bir tələbədən başqa bütün qrupa qaib yazdım. Bir müddət sonra gələn tələbələr də qaib yazıldığını öyrənib heyrətləndilər. Sonra öyrəndim ki, digər müəllimlər bəzən tələbəni hətta 40-45 dəqiqə gözləyib sonra qaib yazırmış. İndi sual olunur? Tələbəyə bu güzəşti (hərçənd güzəşt sözü burada yumşaq görünür) etməklə ona kömək etmiş oluruq? Yoxsa, onun məsuliyyətsiz və səhlənkar davranışını mükafatlandırırıq? Şərq cəmiyyətlərinin xüsusiyyəti budur. Səhvləri görməməzliyə vurmaq, onlara güzəştə getmək, bununla da insanların daha məsuliyyətli olmasına mane olmaq... Eynən, analar kimi... Buradan elə nəticə çıxmasın ki, anaların münasibətini pisləyirəm. Əsla! Ailədə ata və ana öz sosial rolları ilə uşağa münasibəti balanslaşdıra bilərlər. Problem isə cəmiyyətin ana kimi davranmasıdır. Qeyd etdiyim misalda tələbə, ya da ictimai həyatın hər hansı yerində olan hər bir şəxs etdiyi səhvin məsuliyyətini dərk etməli və nəticə çıxarmalıdır. Cəmiyyət ancaq bu formada inkişaf edə bilər. Keçən dəfə bir sosial eksperiment videosu izlədim. Bir nəfər Almaniyada ac olduğunu bildirərək yemək istəyirdi. Ancaq ona yemək verənlər türklər oldu, nəinki almanlar... Almanlar belə düşünür, "Mənim borcum dövlətə vergi verməkdir. Mən bu vergini verirəm. Bununla da sosial borcumu ödəyirəm". Ancaq türklər və ümumən Şərq cəmiyyətləri daha mərhəmətlidirlər. Bizdə də çox müşahidə edirik. Dövlətə vergisini verməyən, hər bir vəchlə vergidən yayınan şəxs xeyriyyəçiliklə məşğul olur. Əlbəttə ki, mərhəmət gözəldir və ən insani hisslərdən biridir. Mərhəmətsiz cəmiyyət ola bilməz. Ancaq bu mərhəməti kimə göstərmək lazımdır? Uşaqlara, qocalara, imkanları məhdud olan şəxslərə... Kitab almağa pulu olmayan tələbəyə kitab hədiyyə etməklə dərsə gecikən tələbəyə qaib yazmamaq... Bunların ikisi də mərhəmət ola bilməz. Bizim cəmiyyət komplekt halda mərhəmətlidir. Eynilə ana kimi... Yenə başıma gələn bir əhvalatdan söz açmaq istəyirəm. Bu yaxınlarda bir kafeyə getmişdim, menyu aldım. Menyuda həmin o məşhur, qara və qazlı içki də var idi. Özü də dəmir qabda. Ofisiant isə dil-boğaza qoymurdu. (Bir adam çox danışırsa, demək orada bir problem var. Bu illərin mənə qazandırdığı təcrübədir) Yeməyi gətirdi, gördüm məlum içkini dəmir qabda yox plastik butulkada gətirib. Dərhal müdaxilə etdim, ofisiant da çox normal tərzdə dedi ki, bitib. Elə bil belə də olmalıdır. Əlimlə üzbəüz marketi göstərdim, dedim, get, oradan al və gəl. Ofisiant heyrətə düşdü, kəkələməyə başladı. Əslində mən həmin o məlum içkini ümumiyyətlə içmirəm. Ancaq axı niyə məni aldatmalısan? Çox güman ki, mənim arxamdan da bir xeyli deyindi. Bəlkə də lap söydü, fərq etməz. Prinsipial olmaq gərəkdir. Bizim insanların bir çoxu isə ya bunun fərqinə varmır, ya da üstündən keçir. Bununla da məsuliyyətsizlik, səhlənkarlıq ayaq açır. İnsanlar səhvlərini görmək, onlarla üzləşmək istəmirlər. Qərb cəmiyyətləri isə daha maskulendir, daha ata mərkəzçidir. Orada insanlar öz səhvlərindən nəticə çıxartmağa borcludurlar, çünki səhvlər bağışlanmır. Misal üçün, kafedə o davranışı edən ofisiant bilir ki, müştəri bununla bağlı şikayət etsə kafe ciddi məbləğdə cərimə ödəyəcək. Ya da insanlar bilirlər ki, daha düzgün davranmalıdırlar, əks halda cəzasını çəkəcəklər. Buna görə də şəxsiyyətin formalaşması orada daha sürətlə baş verir. Daha bizdəki kimi 40 yaşını ötmüş adamlar "ana quzusu" olmurlar. Bizdə görürsən ki, övlad cinayət törədib, valideyn isə onun arxasında dayanır, hansısa yollarla onun həbsə düşməsinin qarşısını almağa çalışır, ya da həbsxanada onun yanına gedir, ona qayğısını əsirgəmir. Belə olan halda isə övlad öz hərəkətlərinin nəticələrini anlamır, başa düşmür, yenidən cinayət törətməyə misal üçün narkotik maddədən istifadə etməyə davam edir. Bunun da bir səbəbi heç şübhəsiz ki, ona daim qayğı ilə yanaşan valideynlərdir. Bu mərhəmət də residivistlər yaradır. İndi özünüz qiymət verin, valideynlərin bu davranışı övladların xeyrinədir? Mərhəmət yerində gözəldir. Uşaqlara münasibətdə gözəldir, sağlamlıq imkanları məhdud olan insanlara münasibətdə gözəldir. Söz verib gəlməyən ustaya, maşını avtoxuliqan kimi sürən sürücüyə, ya da pizza əvəzinə balıq gətirən ofisianta münasibətdə gözəl deyil. Hətta çirkindir. Necə deyirdi Nitsşe? - "Zəiflər bizə bizi öz gücümüzdən utanmağa məcbur etdikləri üçün qalib gəldilər".
Mənbə
oxu.az
Oxşar Xəbərlər