Hakimi təhqir edən baş məşqçi və futbolçu cərimələndi - Foto
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Axar.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
Bildirilib ki, iclasda Azərbaycan 2-ci liqasının 10-cu turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Şəmkir”– “Ağstafa Gəncləri” oyununun 90-cı dəqiqəsində “Şəmkir”in 22 nömrəli futbolçusu Fuad Əhmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmayacaq. “Şəmkir” isə 1000 manat məbləğində cərimə olunub.
Eyni matçda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.
Bundan əlavə, “Hypers”– “Kür-Araz” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” 200 manat cərimə edilib. Bu görüş bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” 500 manat cərimələnib. Eyni görüşdə “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilib.
“Difai”– “Zəngəzur” oyununda isə “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib. Həmin matçın 84-cü dəqiqəsində “Difai”nin məşqçisi Əli Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmayacaq. “Difai” isə 1000 manat məbləğində cərimə edilib.