İdman

"İdmandan kənar": Rəqqaslıqdan boks rinqinə, məğlubedilməz "Cərrah"ın zirvəyə gedən yolu - Foto/Video

11 Nov 2026, 07:00 1 baxış
"İdmandan kənar": Rəqqaslıqdan boks rinqinə, məğlubedilməz "Cərrah"ın zirvəyə gedən yolu - Foto/Video
Rəqiblərinin qarşısında rəqs edir, zərbələrdən son anda yayınır, bəzən də əllərini aşağı salaraq qarşısındakı boksçunu sanki oyuna dəvət edir. Rinqdəki bu davranışı bəzilərini əyləndirir, digərlərini isə qəzəbləndirir. Ben Uittaker Olimpiya medalçısıdır və peşəkar rinqdə hələ məğlub olmayıb. O, dəqiq zərbələri və özünəməxsus davranışı ilə boksun diqqətçəkən simalarından birinə çevrilib. Halbuki uşaqlıqda boks heç ağlından da keçmirdi. Anası onu rəqs dərslərinə göndərir, özü isə futbolçu olmaq istəyirdi. Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə britaniyalı boksçu Ben Uittakerin həyat hekayəsindən bəhs edirik. Futbolçu olmaq istəyən, rəqs dərslərinə gedən uşaq Benjamin Uittaker 1997-ci il iyunun 6-da İngiltərənin Qərbi Midlend bölgəsində, Vest Bromviç şəhərində anadan olub. Uensberi qəsəbəsində böyüyüb. Ailəsinin maddi imkanları geniş olmayıb. Valideynləri ailəni dolandırmaq üçün bir neçə işdə çalışıblar. Uittakerin idmana marağı futbolla başlayıb. Uşaqlıqda yaşıdlarının çoxu kimi futbolçu olmaq istəyirdi. Sonralar zarafatla etiraf edib ki, futbol meydanında o qədər də bacarıqlı olmayıb. Anası oğlunun enerjisini başqa istiqamətə yönəltmək üçün onu rəqs dərslərinə göndərib. Ben bal rəqsləri, balet, hip-hop və samba da daxil olmaqla müxtəlif rəqs növlərini sınayıb. Ancaq nə balet, nə də onun geyimləri Benin ürəyincə olub. Anası oğlunun boksla məşğul olmasını da istəmirdi. Atası isə Benin enerjisini sərf edə bilməsi üçün onu təxminən yeddi yaşında boks zalına aparıb. Uittakerin sözlərinə görə, uşaqlıqda ona diqqət əskikliyi və hiperaktivlik pozuntusu diaqnozu qoyulub. Həddindən artıq hərəkətli olması ona tez-tez çətinlik yaradırdı. Boks zalına ilk gedişindən sonra Benin bu idman növünə xüsusi marağı yaranmayıb. Atası onu futbol məşqlərinə də aparırdı. Uittaker isə meydanda tez-tez mübahisə edir və qırmızı vərəqə alırdı. Nəhayət, 11 yaşında boks zalına qayıdıb. Bu dəfə hər şey fərqli olub. İlk sparrinqindən sonra məşqçi yaxın günlərdə keçiriləcək yarışa qatılmaq istəyənlərə adlarını yazdırmağı təklif edib. Ben könüllü olaraq yarışa qatılmaq istədiyini bildirib və atasını təəccübləndirib. İlk döyüşdən sonra atası oğlunun potensialını görüb. Ertəsi gün səhər saat altıda Beni qaçışa çıxarmaq üçün oyadıb. Gələcək Olimpiya medalçısının boks yolu belə başlayıb.
Boksçuya dərs olan sparrinq Uittaker boksda istedadlı olsa da, ilk illərdə məşqlərə həmişə ciddi yanaşmırdı. Özünün etirafına görə, bəzən məşq etməkdənsə, "McDonald's"da yemək yeməyə və "PlayStation"da oyun oynamağa üstünlük verirdi. Bir sparrinq onun boksa münasibətini dəyişib. Ben həmin vaxt Amir Xan və Floyd Meyvezerin istifadə etdikləri, məhdud sayda istehsal olunan boks əlcəklərindən almışdı. Yeni əlcəkləri ilə zala böyük inamla girsə də, sparrinqdə rəqibindən ağır zərbələr alıb. Burnu qanayan Uittaker göz yaşlarını saxlaya bilməyib. Atasının ona baxıb başını bulaması Benə daha ağır gəlib. Evə qayıdarkən avtomobildə heç kim bir söz deməyib. Sonralar "The Independent" nəşrinə müsahibəsində boksçu həmin hadisənin onun üçün dönüş nöqtəsi olduğunu deyib. Başa düşüb ki, özünəinamı zəhmətlə möhkəmləndirməlidir. Uittaker 15-16 yaşlarında məşqlərə daha ciddi yanaşmağa başlayıb. Böyük Britaniya yığmasının diqqətini çəkib və ölkənin ən istedadlı həvəskar boksçularından biri kimi yetişib.
Olimpiya arzusu və gümüş medalın acısı Uittaker həvəskar boksda qısa müddətdə uğur qazanıb. 2018-ci ildə Avropa İttifaqı çempionatının qalibi olub. 2019-cu ildə Avropa Oyunlarında gümüş, dünya çempionatında isə bürünc medal qazanıb. Onun əsas hədəfi Tokio Olimpiadası idi. Peşəkar boksa keçmək üçün sərfəli təkliflər alsa da, əvvəlcə Olimpiadada çıxış etmək istəyib. Pandemiya səbəbindən 2020-ci ildə keçirilməsi nəzərdə tutulan Olimpiya Oyunları bir il təxirə salınıb. Uittaker 2021-ci ildə Tokioya yollanıb və 81 kiloqram çəki dərəcəsində finala qədər irəliləyib. Həlledici görüşdə kubalı Arlen Lopesə məğlub olan Uittaker gümüş medalla kifayətlənib. Bu nəticə onu məyus edib. Britaniyalı boksçu mükafatlandırma mərasimində gümüş medalı boynuna taxmaqdan imtina edib. Sosial şəbəkədə isə gümüş medal qazanmağı qızıl medalı itirmək kimi gördüyünü yazıb. Sonrakı müsahibələrində də finaldakı məğlubiyyəti qəbul etməyin onun üçün çətin olduğunu deyib. Uittakerin fikrincə, bütün hazırlıq dövrünü qızıl medal qazanmağa həsr edən idmançı üçün finalda uduzmaq xüsusilə ağırdır. Bununla belə, Tokioda qazandığı gümüş medal Uittakeri beynəlxalq boks ictimaiyyətinə tanıdıb.
Peşəkar rinqdə "Cərrah" Uittaker 2022-ci ildə peşəkar boksa keçib və BOXXER promouter şirkəti ilə müqavilə imzalayıb. Dəqiq və hesablanmış zərbələrinə görə "The Surgeon" ("Cərrah") ləqəbi ilə tanınmağa başlayıb. Onun döyüş üslubu ənənəvi boksdan fərqlənirdi. Uittaker zərbələrdən yayınmaq üçün qeyri-adi hərəkətlər edir, əllərini aşağı salır, bəzən də rəqibinin qarşısında sanki rəqs edirdi. Bu üslub boks ictimaiyyətində fərqli reaksiyalar doğurub. Bəziləri onun texnikasını və çevikliyini yüksək qiymətləndirib, digərləri isə rinqdəki davranışını rəqiblərinə qarşı hörmətsizlik sayıb. Uittaker öz üslubundan imtina etmək niyyətində olmayıb. O, döyüş zamanı tamaşaçıların diqqətini çəkməyi və rinqdə şou göstərməyi bacarırdı.
Rinqdən kənarda ailəsinə bağlı Ben Ailəsinin Uittakerin həyatında xüsusi yeri var. Boksçu uşaqlıqda valideynlərinin ailəni dolandırmaq üçün bir neçə işdə çalışdığını heç vaxt unutmadığını bildirib. Böyük qardaşı da onun həyatında mühüm rol oynayıb. Bir vaxtlar "Birmingem Siti"nin futbol akademiyasında oynayan qardaşı sonradan Kral Dəniz Piyadaları Korpusunda xidmət edib. Hazırda isə Benin şəxsi məşqçisi kimi çalışır. Boksçu deyir ki, uğurları ona ailəsinin həyat şəraitini yaxşılaşdırmaq üçün əlavə motivasiya verir. Qazandığı pulla onu böyüdən ailəsinə də kömək etmək istəyir. Uittaker anime ilə də maraqlanır. O, "Dragon Ball Z" animesinin personajlarından Vegetanı sevdiyini açıqlayıb. Boksçu bu obrazın zəhmətə münasibətinin, qürurunun və məğlubiyyəti qəbul etməməsinin ona yaxın olduğunu deyib.
Rinqdən yıxıldığı döyüş və revanş Peşəkar karyerasının ilk illərində Uittakerin başına gələn ən qeyri-adi hadisələrdən biri Liam Kemeronla döyüşdə yaşanıb. 2024-cü il oktyabrın 12-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən qarşılaşmanın beşinci raundunda hər iki boksçu rinqin iplərindən aşaraq yerə yıxılıb. Uittaker zədələndiyi üçün döyüşü davam etdirə bilməyib. O, arenanı əlil arabasında tərk edib. Hakimlərin qərarı ilə qarşılaşma texniki heç-heçə ilə başa çatıb. Bununla da Uittaker peşəkar karyerasında ilk dəfə bir döyüşü qələbəsiz başa vurub. 2025-ci il aprelin 20-də keçirilən revanş görüşündə isə Uittaker Kemeronu ikinci raundda texniki nokautla məğlub edib.

Dünya çempionluğu yolunda Uittaker 2025-ci ilin oktyabrında Eddi Hernin rəhbərlik etdiyi "Matchroom Boxing" şirkəti ilə uzunmüddətli müqavilə imzalayıb. Həmin ilin noyabrında almaniyalı Benjamin Qavazini ilk raundda nokautla məğlub edərək WBC-nin yarımağır çəkidə gümüş titulunu qazanıb. Uittaker 2026-cı ildə də uğurlu çıxışını davam etdirib. Apreldə argentinalı Brayan Suaresi, iyunda isə amerikalı Riçard Riveranı vaxtından əvvəl məğlub edib. Oktyabrın 3-də Birmingemdə Konor Uolleslə qarşılaşan Uittaker 12 raundluq döyüşdə hakimlərin yekdil qərarı ilə qalib gəlib və WBC-nin gümüş titulunu qoruyub. Qarşılaşma həm də IBF versiyası üzrə dünya çempionluğu uğrunda seçmə döyüş olub. Bu qələbə Uittakerə həmin versiya üzrə məcburi iddiaçı statusu qazandırıb. Beləliklə, 29 yaşlı boksçu peşəkar karyerasında keçirdiyi 14 döyüşün 13-də qalib gəlib, birində isə heç-heçə edib. Peşəkar rinqdə məğlubiyyət görməyən Uittakerin növbəti hədəfi dünya çempionluğudur.
Rinqdə şou, rinqdən kənarda böyük hədəf Uşaqlıqda rəqs dərslərinə gedən, futbolçu olmaq istəyən və boks zalına könülsüz gələn Ben Uittaker illər sonra özünəməxsus üslubu ilə tanınan boksçuya çevrilib. Sparrinqdə aldığı ağır zərbələrdən dərs çıxarıb, Olimpiya finalında qızıl medalı əldən verib, peşəkar rinqdə zədələnərək arenanı əlil arabasında tərk edib. Hər dəfə yenidən rinqə qayıtmağı bacarıb. Uittakerin rinqdə göstərdiyi şou bəzən onun texnikasından daha çox müzakirə olunur. Boksçu isə dünya çempionu olmaq, ailəsinə daha yaxşı həyat şəraiti yaratmaq və adını boks tarixinə yazdırmaq istəyir. "Cərrah" ləqəbli Uittaker düşünür ki, ən böyük döyüşü hələ qarşıdadır.
"İdmandan kənar": Rəqqaslıqdan boks rinqinə, məğlubedilməz "Cərrah"ın zirvəyə gedən yolu - Foto/Video "İdmandan kənar": Rəqqaslıqdan boks rinqinə, məğlubedilməz "Cərrah"ın zirvəyə gedən yolu - Foto/Video "İdmandan kənar": Rəqqaslıqdan boks rinqinə, məğlubedilməz "Cərrah"ın zirvəyə gedən yolu - Foto/Video "İdmandan kənar": Rəqqaslıqdan boks rinqinə, məğlubedilməz "Cərrah"ın zirvəyə gedən yolu - Foto/Video "İdmandan kənar": Rəqqaslıqdan boks rinqinə, məğlubedilməz "Cərrah"ın zirvəyə gedən yolu - Foto/Video "İdmandan kənar": Rəqqaslıqdan boks rinqinə, məğlubedilməz "Cərrah"ın zirvəyə gedən yolu - Foto/Video "İdmandan kənar": Rəqqaslıqdan boks rinqinə, məğlubedilməz "Cərrah"ın zirvəyə gedən yolu - Foto/Video "İdmandan kənar": Rəqqaslıqdan boks rinqinə, məğlubedilməz "Cərrah"ın zirvəyə gedən yolu - Foto/Video "İdmandan kənar": Rəqqaslıqdan boks rinqinə, məğlubedilməz "Cərrah"ın zirvəyə gedən yolu - Foto/Video "İdmandan kənar": Rəqqaslıqdan boks rinqinə, məğlubedilməz "Cərrah"ın zirvəyə gedən yolu - Foto/Video "İdmandan kənar": Rəqqaslıqdan boks rinqinə, məğlubedilməz "Cərrah"ın zirvəyə gedən yolu - Foto/Video "İdmandan kənar": Rəqqaslıqdan boks rinqinə, məğlubedilməz "Cərrah"ın zirvəyə gedən yolu - Foto/Video
Mənbə oxu.az

Oxşar Xəbərlər