Dünya
Evdə tapılan iki meyit, yaralılar və hoteldə ölü aşkarlanan şübhəli şəxs - Almaniyanı silkələyən hadisə
Almaniyada 68 yaşlı kişi Ştutqart yaxınlığında həyat yoldaşını və qayınatasını qətlə yetirməkdə, Hamburqda isə daha iki nəfəri yaralamaqda şübhəli bilinir. O, sonradan hotel otağında ölü tapılıb. İlkin məlumata görə, kişi intihar edib. Oxu.Az DPA agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları iki hadisə arasında əlaqənin olduğunu təsdiqləyiblər. Məlumata görə, Hamburqun Hafensiti rayonunda bir nəfər 39 yaşlı qadına və 40 yaşlı kişiyə atəş açıb. Hər iki zərərçəkən xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti ağır qiymətləndirilir. Şübhəli hadisə yerindən qaçıb. Sonradan onun meyiti hotel otağında aşkarlanıb. Polis ölən şəxsin kimliyini müəyyənləşdirib və onun Ştutqartın cənubunda yerləşən Eninqen-unter-Axalm icmasındakı evində axtarış aparıb. Evdə kişinin 65 yaşlı həyat yoldaşının və 90 yaşlı qayınatasının meyitləri aşkarlanıb. İstintaqın məlumatına görə, hər iki şəxs zorakılıq nəticəsində həyatını itirib. Hüquq-mühafizə orqanları hadisələrin motivinin ailə münaqişəsi ilə bağlı ola biləcəyini güman edirlər.
Mənbə
oxu.az
Oxşar Xəbərlər