Azərbaycan millisi Avropa çempionatında birinci oldu
İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar.
Azərbaycan Cüdo Federasiyasından Axar.az-a verilən məlumata görə, -100 kiloqram çəki dərəcəsində çıxış edən Əjdər Bağırov finalda Almaniya təmsilçisi Yannis Başini məğlub edərək, Avropa çempionu adını qazanıb. Cüdoçumuz həlledici görüşədək İvan Kutenkov (Ukrayna), Borna Butiyer (Xorvatiya) və Ronald Prölü (Avstriya) mübarizədən kənarlaşdırıb.
+100 kiloqramda Kənan Nəsibov da günü məğlubiyyətsiz başa vurub. O, finalda serbiyalı Vidak Malyeviçdən üstün olaraq titulunu qoruyub və ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub. Nəsibov final yolunda Luka İvankoviç (Xorvatiya), Yan Riqo (Fransa) və Morteza Suhanı (Almaniya) üstələyib.
Beləliklə, Azərbaycan millisi fərdi yarışları 3 qızıl medalla başa vuraraq, ümumi komanda hesabında 1-ci yeri tutub. Daha əvvəl İslam Rəhimov (-66 kiloqram) da ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olmuşdu.