İdman

Yeni qaydalar Türkiyə millisinə A Liqasında qalmaq imkanı verir

08 Oct 2026, 15:24 2 baxış
Yeni qaydalar Türkiyə millisinə A Liqasında qalmaq imkanı verir
UEFA Millətlər Liqasında dörd oyundan sonra xal qazana bilməyən Türkiyə millisi son turlarda uğurlu nəticələr əldə etsə, A Liqasında mövqeyini qoruya bilər. Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, UEFA-ya üzv olan 54 federasiyanın 4 fərqli liqada yarışdığı bu turnirdə Türkiyə cari mövsümdə A Liqasında təmsil olunur. "Ay-ulduzlular" Fransa, İtaliya və Belçikanın da qərarlaşdığı I qrupda sonuncu pillədədir. A Liqasındakı dörd qrupun IV tur oyunlarının yekununda Türkiyə ilə yanaşı Serbiya və Çexiya da hələ xal üzü görməyib. Uels isə 3 xalla öz qrupunun sonuncusudur. Türkiyə yığması noyabrda qrup mərhələsi çərçivəsindəki son 2 oyununda evdə Belçikanı qəbul edəcək, səfərdə isə Fransa ilə üz-üzə gələcək. "Ay-ulduzlular" bu iki görüşdən xal və ya xallar əldə edərək ən zəif iki dördüncü komandadan biri olmaq riskindən xilas olarsa, A Liqasında qalmaq uğrunda pley-off oynamaq hüququ qazanacaq. Millətlər Liqasının əvvəlki formatına əsasən qrupu sonuncu bitirən yığma birbaşa B Liqasına yuvarlanırdı. Ancaq bu mövsüm tətbiq olunan yeni qaydalara görə, 4-cü sırada qərarlaşan 4 komandadan ikisinə A Liqasında mübarizəni davam etdirmək şansı yaradılıb. Qeyd edək ki, Millətlər Liqasında qrup oyunları noyabrda başa çatacaq. İki dövrəli sistem üzrə oynanılacaq qrup mərhələsinin ardından A Liqasında qruplarını birinci və ikinci yerlərdə tamamlayan komandalar 2027-ci ilin martında keçiriləcək 1/4 final mərhələsində mübarizə aparmaq hüququ qazanacaqlar. İki oyunun nəticəsinə əsasən rəqiblərini üstələyən dörd kollektiv turnirin final mərhələsinə vəsiqəni təmin edəcək. Qruplarını üçüncü pillədə başa vuran və ən yaxşı göstəricilərə sahib olan iki komanda A Liqasında qalacaq. Qrupunu üçüncü bitirib ən zəif nəticə göstərən iki yığma ilə qrupunu dördüncü yerdə tamamlayıb ən yaxşı göstəriciyə malik iki komanda, B Liqasından gələn dörd qrup ikincisi ilə A/B Liqası pley-off qarşılaşmalarına çıxacaqlar. Qruplarını dördüncü pillədə bitirən və ən zəif göstəriciyə sahib iki yığma isə B Liqasına düşəcək. UEFA Millətlər B Liqasında isə öz qruplarının qalibi olan komandalar birbaşa A Liqasına yüksələcəklər. Qruplarını üçüncü sırada tamamlayan yığmalar B Liqasında mövqelərini qoruyacaqlar. Dördüncü yerdə qərarlaşan komandalar isə C Liqasında qrupunu ikinci sırada başa vuran dörd kollektivlə B/C Liqası pley-off oyunlarında qüvvələrini sınayacaqlar. UEFA Millətlər C Liqasında qruplarını lider kimi başa vuran komandalar B Liqasına vəsiqə qazanacaqlar. Qrupunu üçüncü və dördüncü pillələrdə tamamlayanlar isə mübarizəni C Liqasında davam edəcəklər. UEFA Millətlər D Liqasındakı bütün komandalar isə avtomatik olaraq C Liqasına yüksələcəklər. Növbəti mövsümdən etibarən D Liqası ləğv ediləcək və Millətlər Liqası turniri yalnız A, B və C liqalarından ibarət formatla davam edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər