Dünya
Kremlin qaz diplomatiyası: İrəvanı gözləyən faciə
"Ermənistan üçün qazın qiymətinin artırılması məsələsində Rusiyanın heç bir tərəddüdü yoxdur". Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu jurnalistlərlə görüşündə iqtisadçı Tatul Manaseryan deyib. "Rusiya bütün dünya ilə münasibətlərində qaz diplomatiyasından çox ustalıqla istifadə edir. Düşünmürəm ki, Ermənistan bu məsələdə istisna olacaq", - deyə o qeyd edib. Onun sözlərinə görə, yaxın gələcəkdə Ermənistan iqtisadiyyatında vəziyyət fəlakətli şəkil alacaq. Ekspert vurğulayıb ki, yalnız enerji daşıyıcılarının qiymət amili səbəbindən ölkə iqtisadiyyatı iflic vəziyyətinə düşəcək və onsuz da 40 faizi yoxsulluğun yuxarı həddində olan əhalinin böyük bir hissəsi ağır duruma sürüklənəcək. İqtisadçı xatırladıb ki, Mərkəzi Bank qaz tariflərinin qalxacağı təqdirdə bunun ciddi fəsadları olacağı barədə artıq xəbərdarlıq edib. "Kimsə bu məsələ ilə maraqlanıb?" - deyə o sual edib. Manaseryan izah edib ki, Ermənistan olduqca çətin vəziyyətə düşüb və heç kim nə kəndlilərin, nə də şəhər sakinlərinin qiymət artımı ilə bağlı suallarına cavab verə bilir. "Bu, hələ başlanğıcdır", - deyə proqnoz verib. Ekspert əlavə edib ki, iki fərqli xarici siyasət vektoru Ermənistan qarşısında tələblər qoyur, rəsmi İrəvan isə öz növbəsində bəsit üsullarla Avropa İttifaqı və Rusiyanı aldadaraq vəziyyətdən çıxa biləcəyini düşünür. Ekspert dövlət səviyyəsində ölkənin iqtisadi inkişaf konsepsiyasının olmamasından da şikayətlənib. Həmçinin iqtisadçı Türkiyə ilə sərhədin açılacağı təqdirdə Ermənistan iqtisadiyyatının 6-7% inkişaf edəcəyini iddia edən bəzi ekspertlərin fikirlərini absurd adlandırıb.
Mənbə
oxu.az