Dünya
Hindistan Ermənistanda reaktiv mərmilər istehsal etmək istəyir
İrəvan və Yeni Dehli "Pinaka Mk-II" reaktiv mərmilərinin Ermənistan ərazisində yığılması və istehsalı imkanlarını nəzərdən keçirirlər. Oxu.Az xəbər verir ki, bu barədə "Idrw" portalı məlumat yayıb. Məlumata görə, əgər tərəflər razılığa gələrsə, bu, iki ölkə arasında hərbi-sənaye əlaqələrinin inkişafına güclü təkan verəcək. Eyni zamanda, Ermənistanın artan artilleriya potensialı üçün sursat təchizatının daha dayanıqlı olmasına kömək edəcək. Qeyd olunur ki, Ermənistan ordusu artıq Hindistan istehsalı olan "Pinaka Mk-II" idarəolunan raketlərini, eləcə də artırılmış mənzilli idarəolunmayan "Pinaka" mərmilərini silahlanmaya qəbul edib. Lakin Ermənistanda planlaşdırılan yerli istehsal proqramı üçün məhz hansı modifikasiyanın əsas götürüləcəyi hələlik məlum deyil. Ehtimal edilir ki, yerli istehsala maraq müasir reaktiv artilleriya müharibəsinin xüsusiyyətlərindən irəli gəlir. "Pinaka" kimi sistemlər uzunmüddətli hərbi əməliyyatlar zamanı külli miqdarda sursat tələb edir. Bu baxımdan, mərmilərin ölkə daxilində yığılması və istehsalı ehtiyatların təmin edilməsi, eləcə də xarici idxaldan asılılığın azaldılması üçün xüsusilə əhəmiyyətli ola bilər. Ehtimal olunan müqavilə çərçivəsində Hindistanın dövlət müdafiə müəssisəsi və ya digər hərbi-sənaye strukturu tərəfindən texnoloji dəstəyin göstərilməsi, istehsal prosesinə köməklik və erməni mütəxəssislərin təlimatlandırılması nəzərdə tutulur. İstehsal prosesinin mərhələli şəkildə qurulması gözlənilir. Mənbələr bildirir ki, Ermənistan yerli istehsalın payını tədricən artırmazdan əvvəl, ilkin mərhələdə Hindistandan gətiriləcək hissə və materiallardan istifadə edəcək. Texnologiyaların ötürülməsi şərtləri, raketin modifikasiyası və istehsalın konkret modeli hələ müəyyənləşdirilməyib. Yekun razılaşma barədə hələlik rəsmi məlumat verilməyib və Ermənistandakı istehsalın həcmi tərəflər arasında aparılacaq danışıqların nəticəsindən asılı olacaq. Bununla belə, danışıqlar uğurla yekunlaşarsa, Ermənistan "Pinaka" sistemləri üzrə mühüm xarici istehsal tərəfdaşına çevrilə bilər. Hindistan isə hazır sistemlərin satışından yerli istehsala keçid etməklə müdafiə ixracının inkişafı üçün yeni bir istiqamət qazanacaq. Xatırladaq ki, bundan əvvəl Ermənistan Hindistandan "Pinaka" reaktiv yaylım atəşi sistemləri, "ATAGS" haubitsaları, "Akash" zenit-raket kompleksləri və "Swathi" radarları almağa başlamışdı.
Mənbə
oxu.az