Dünya
ABŞ-də İkinci Dünya müharibəsindən bəri güllələnmə yolu ilə ilk edam
Pentaqon Texas ştatındakı Fort-Hud ABŞ hərbi bazasına hücum etdiyinə görə məhkum olunmuş Nidal Malik Həsənin edam ediləcəyi tarixi müəyyənləşdirib. Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ ordusu nazirinin səlahiyyətlərini icra edən Adam Tellenin imzaladığı memoranduma əsasən, sabiq hərbçinin 2026-cı il dekabrın 3-də güllələnərək edam edilməsi nəzərdə tutulub. Ölüm hökmünün icrasının yerli vaxtla 13:00-da elə sözügedən Fort-Hud bazasında baş tutacağı planlaşdırılır. Edamın həyata keçirilməsi barədə qərar Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən verilən sərəncamla təsdiqlənib. Qeyd edək ki, 2009-cu il noyabrın 5-də hərbi psixiatr kimi mayor rütbəsində fəaliyyət göstərən Həsən bazada ətrafa atəş açmışdı. Silahlı insident nəticəsində 13 şəxs ölmüş, əlavə olaraq 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Saxlanılarkən ağır yaralanan Həsən qismən iflic olmuşdu. Aparılan təhqiqat zamanı bu kütləvi qətliamın onun radikal islamçı düşüncələri ilə bağlı olduğu müəyyən edilib. İcra olunacaq bu ölüm hökmü ABŞ tarixində İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq bir hərbçinin güllələnməklə edam edilməsi hadisəsi kimi tarixə düşəcək.
Mənbə
oxu.az