Maraqlı

Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama

02 Oct 2026, 04:36 1 baxış
Bədən niyə daim enerji xərcləyir? - Alimdən heyrətləndirən açıqlama
"İnsan bədəni heç bir fəaliyyət göstərmədikdə belə, ümumi enerjinin 40%-ə qədərini xərcləyir. Bu enerji hüceyrələri reaksiyaya daim hazır vəziyyətdə saxlamaq üçün istifadə olunur. İstər fiziki hərəkət, istər düşüncə, istərsə də xatirələr olsun - ani reaksiyanın mümkünlüyü hazırlıq prosesinin bir saniyə belə dayanmaması ilə əlaqədardır". Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya Nyu-York Universitetinin professoru, neyrobioloq Nikolay Kukuşkin deyib. Mütəxəssisin sözlərinə görə, biz hərəkətlərimizin, fikirlərimizin və yaddaşımızın sürətini adi bir hal kimi qəbul edirik, lakin təbiətdə hər şey fərqli qurulub: canlı orqanizm ətraf mühitdəki dəyişikliklərə insanın verdiyi qədər sürətli reaksiya vermək üçün mütləq şəkildə daim hadisəyə hazır vəziyyətdə olmalıdır. Bu daim sərfiyyat tələb edən bir prosesdir. Mexanizm belə işləyir: natrium-kalium nasosu kaliumu hüceyrənin daxilinə, natriumu isə xaricinə daşıyır. Bununla da membran tərəflərindəki konsentrasiya fərqi qorunur və hüceyrə resurslarla təmin edilir. Kukuşkin qeyd edir ki, bu bölgü həyatın ilk yarandığı dövrlərə gedib çıxır: ilkin okean mühitində natrium üstünlük təşkil etsə də, o vaxtdan bəri bütün canlı orqanizmlərin daxilində kalium daha çoxdur. "İonlarla dolmuş hüceyrə şişirdilmiş şara bənzəyir: natrium üçün məsaməni bir qədər açmaq kifayətdir ki, o nəhəng güclə içəriyə doğru axsın. Bütün sinir sistemimiz məhz bu axından asılıdır: neyronlar hadisələrə yalnız ona görə sürətlə reaksiya verə bilirlər ki, nasos qalan vaxtlarda natriumu çölə vurarkən, onlar natrium üçün dəlikləri qismən açmağı bacarırlar. İdrakımızın turbinlərini hərəkətə gətirən məhz bu axındır", - deyə alim izah edib. Başqa sözlə, hüceyrələrin ani reaksiyası onların uzunmüddətli hazırlığı hesabına əvvəlcədən ödənilir. Söhbət həqiqətən də nəhəng miqyaslardan gedir: bədən istiliyinin istehsalından tutmuş yeriməyə qədər bütün xərclər nəzərə alınmaqla, qidadan aldığımızın 40%-ə qədəri bu ion hazırlığının saxlanmasına yönəlir. "Hər hansı bir şeyə sürətli reaksiya vermək üçün buna uzun müddət hazırlaşmaq və çox böyük miqdarda enerji sərf etmək lazımdır. Bu, həyatın ümumi prinsipidir: hətta birhüceyrəli orqanizmlərdə hazırlıq mexanizmləri fərqli olsa da, məna eynidir - sürətli reaksiyanın bədəli yüksəkdir", - deyə Kukuşkin vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər