Maraqlı
Diş problemləri və mədə-bağırsaq xəstəlikləri arasındakı əlaqə - Həkim məsləhəti
"Dişlərdə yaranan xəstəliklər mədə və bağırsaq problemləri ilə birbaşa əlaqəli ola bilər". Oxu.Az xəbər verir ki, bunu rusiyalı stomatoloq Maksim Labuxin Lenta.ru-ya müsahibəsində bildirib. Həkim xəbərdarlıq edib ki, diş əti iltihabı, kariyes və yanlış dişləmə mədə-bağırsaq traktı xəstəliklərinin yaranmasına səbəb ola bilər. Onun sözlərinə görə, parodontit, pulpit və kariyes daimi infeksiya mənbəyi yaradır. Bunun nəticəsində patogen bakteriyalar qida ilə birlikdə mədəyə daxil olaraq selikli qişaya zərər verə bilər. Mütəxəssis əlavə edib ki, bu əlaqə əks istiqamətdə də özünü göstərir. Reflüks və ya qastrit zamanı artan turşuluq diş minasını nazikləşdirərək yumşalda, dişləri isti və soyuğa qarşı həssaslaşdıra, həmçinin kariyesin yaranmasına təkan verə bilər. Tibb işçisinin fikrincə, mədədə turşuluğun həddindən artıq artması bütün orqanizmə, o cümlədən dişlərə mənfi təsir göstərir.
Mənbə
oxu.az