Dünya
Rubio İran nümayəndə heyətinin ABŞ-dən dərhal çıxmasını tələb edibmiş
Sentyabrın 28-də ABŞ Dövlət katibi Marko Rubio ikitərəfli nizamlanma danışıqların dalana dirənməsindən sonra BMT Baş Assambleyasında iştirak edən İran nümayəndə heyətinin ölkədən dərhal çıxmasını tələb edib. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Mənbələr bildiriblər ki, sentyabrın 28-i səhər saatlarında Ağ Ev həmin gün İranla danışıqlarda irəliləyiş əldə oluna biləcəyini düşünürdü. Lakin günün sonunda danışıqların dalana dirəndiyi məlum olub. Daha sonra Rubionun göstərişi ilə ABŞ-nin BMT-dəki Daimi Nümayəndəliyi iranlı həmkarlarına məlumat veriblər ki, İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçının rəhbərlik etdiyi nümayəndə heyəti Nyu-Yorku dərhal tərk etməlidir. Bir neçə saat sonra nümayəndə heyəti hava limanına yola düşüb və sentyabrın 29-na keçən gecə Dohaya uçub. Qeyd edək ki, Əraqçı bazar ertəsi axşam Tehrana qayıtmağı planlaşdırıbmış. Məlumatda bildirilib ki, qətərli vasitəçilər ABŞ-İran münasibətlərində diplomatik irəliləyişə nail olmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Mənbə
oxu.az