Digər
Vətən müharibəsinin beşinci günü - Azərbaycan Ordusu düşmənə zərbələr endirir
2020-ci il oktyabrın 1-i - bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin beşinci günü. Şanlı Azərbaycan Ordusu əzəli torpaqlarımızı işğaldan azad etmək üçün əzmlə irəliləməkdə davam edir. Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin işğal altında olan torpaqlarımızda tutduqları mövqelərə gecə ərzində sarsıdıcı artilleriya zərbələri endirirlər. Oxu.Az xatırladır ki, həmin gün hücumlar nəticəsində düşmən bütün cəbhə boyu ağır itkilər verirdi. Lakin döyüş meydanında ciddi məğlubiyyətə uğrayan düşmən ilk dörd gündə olduğu kimi, müharibənin beşinci günündə də qarşıdurmanı cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alırdı. Baş Prokurorluğun yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Tərtər şəhər avtovağzalına düşən top mərmisinin qəlpələrindən 1982-ci il təvəllüdlü Zabil Məhəmməd oğlu Həsənov həlak olub. Avtovağzala ciddi ziyan dəyib. Həmçinin, işğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdam rayonu, Hacıməmmədli kəndində yaşadıqları evə düşən top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Mürşüd Rəşid oğlu Məmmədov və onun 1996-cı il təvəllüdlü oğlu Samir Məmmədov həlak olublar, yaşadıqları evə külli miqdarda ziyan dəyib. Hər iki faktla bağlı cinayət işi başlanıb. Fövqəladə Hallar Nazirliyi isə Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndində vətəndaşa məxsus evdə yanğın baş verdiyini bildirib. Hadisə yerinə cəlb olunan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi nəticəsində evin bir hissəsi yanğından mühafizə olunub. Bundan başqa, Tərtər rayonunun Səhləbad kəndində vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Ərazi intensiv atəşə tutulduğundan yanğınsöndürmə qüvvələrinin söndürmə əməliyyatını başa çatdırması mümkün olmayıb. Tərtər rayonunda qəbiristanlıq ərazisinə mərmi düşməsi nəticəsində də yanğın baş verib. Ərazi atəşə tutulduğundan yanğına müdaxilə etmək mümkün olmayıb. Bununla yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy və Ağdam rayonlarının cəbhəboyu kəndləri də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulub. Lakin düşmənin təxribatları bununla da bitməyib. Ermənistan ordusu Gorus rayonu istiqamətindən Azərbaycan ərazisini raket atəşinə tutub. Bu, Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum olub. Birinci hücum isə müharibənin dördüncü günündə Basarkeçər rayonu ərazisindən Daşkəsən rayonu istiqamətində həyata keçirilib. Düşmənin dinc əhaliyə və mülki infrastruktura hücumlarından fərqli olaraq, Azərbaycan Ordusu dinc sakinlərə zərər vermədən müharibəni döyüş meydanında apararaq irəliləməyə davam edib. Bunun bariz nümunəsi Müdafiə Nazirliyinin günün ikinci yarısında yaydığı məlumatda öz əksini tapıb: "Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib". Məğlubiyyətlə barışmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi isə təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edib. Düşmən xüsusilə Türkiyəni münaqişə tərəfi kimi göstərməyə çalışıb, beynəlxalq ictimaiyyəti çaşdırmaqla təxribatlarına don geyindirməyə cəhd göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Ermənistanın bu ittihamlarına Türkiyə Böyük Millət Məclisinin tribunasından cavab verib: "Türkiyə olaraq, azərbaycanlı qardaşlarımıza bütün imkanlarımız və bütün qəlbimizlə dəstək verməyə davam edəcəyik. Bu bölgədə daimi sülhün yolu ermənilərin işğal etdikləri hər qarış Azərbaycan torpağından geri çəkilmələrindən keçir. Ermənistan rəhbərliyini isə hər şeyi bir kənara qoyub, israrla Türkiyəyə böhtan atmaq cəhdi əsla xilas etməyəcək". Beləliklə, düşmən müharibəni nə qədər fərqli üsullarla aparmağa çalışsa da, döyüşlərin beşinci günü də Azərbaycan Ordusunun üstünlüyü ilə sona çatır.
Mənbə
oxu.az