Dünya
İraqda YENİ DÖVR: ABŞ-nin rəhbərlik etdiyi koalisiya bütün bazalarını təhvil verdi
ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya İraqdakı bütün hərbi bazaları və qərargahları ölkənin silahlı qüvvələrinə təhvil verib. Oxu.Az xəbər verir ki, bu barədə İraq təhlükəsizlik orqanlarının mətbuat xidmətinin rəhbəri Səad Məan "Al Jazeera" telekanalına bildirib. "Beynəlxalq koalisiya İraq hakimiyyətinə bütün hərbi bazaları və qərargahları təhvil verib. Sentyabrın 30-dan sonra İraqda koalisiyanın döyüş və ya təlim qüvvələri qalmayacaq", - deyə o bildirib. Məan vurğulayıb ki, İraq hərbçiləri koalisiya qüvvələrinin ölkədən çıxarılmasından sonra bütün ölkə ərazisində təhlükəsizliyi təmin etməyə hazırdır. Onun sözlərinə görə, koalisiya ölkələri ilə münasibətlər bundan sonra ikitərəfli əsasda qurulacaq. İraq hakimiyyəti dəfələrlə koalisiya qüvvələrinin ölkədən çıxarılması üçün son tarix kimi sentyabrın 30-nu müəyyən etdiyini açıqlayıb. İraq rəsmiləri sentyabrın 30-dan sonra ölkədə xarici hərbi mövcudluğun başa çatacağını bildiriblər. 2014-cü ildə ABŞ İŞİD-ə qarşı mübarizə aparmaq məqsədilə beynəlxalq koalisiyanın yaradılmasına təşəbbüs göstərib. Həmin ilin avqustunda İraq və Suriyada İŞİD-ə qarşı "Qətiyyətli Qərar" əməliyyatı başlayıb.
Mənbə
oxu.az