Dünya
Meloni: "Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm"
İtaliyada daha bir yanacaq şirkəti qiymətlərə məhdudiyyət tətbiq etmək qərarına gəlib. Oxu.Az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni "X" hesabında yazıb. O bildirib ki, "Eni"dən sonra "IP" də ölkə üzrə yanacağın qiymətini məhdudlaşdırmaq qərarına gəlib. "Bu, İtaliya ailələrinə göstərilən mühüm diqqət siqnalıdır və yanacağın bahalaşmasının qarşısının alınmasına konkret töhfə verməyin mümkün olduğunu təsdiqləyir. Bununla bağlı diqqət göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR-ın prezidenti Rövşən Nəcəfə təşəkkürümü bildirirəm. Bu addım əməkdaşlığımızı gücləndirir", - deyə Meloni qeyd edib. İtaliyanın baş naziri hökumətin ailələrə dəstək olmaq və onların alıcılıq qabiliyyətini qorumaq üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Xatırladaq ki, SOCAR-a məxsus "IP" yanacaqdoldurma məntəqələrində benzin və dizelin qiymətlərinə limit tətbiq ediləcəyi bildirilib. Şirkətdən qeyd olunub ki, qiymət həddi müəyyənləşdirilərkən minlərlə operatorun daxil olduğu təchizat zəncirinin fasiləsiz fəaliyyəti də nəzərə alınacaq. SOCAR-ın açıqlamasına görə, bu addım İtaliya hökumətinin müraciətinə cavab olaraq atılır. Hökumət geosiyasi qeyri-sabitlik və bunun qlobal təchizat zəncirlərinə təsiri fonunda altı aydan artıqdır yüksək yanacaq qiymətləri ilə üzləşən əhali və biznesə dəstək göstərilməsini istəyib. Yanacağın qiymətinə tətbiq ediləcək məhdudiyyətlərin əvvəlcə "IP" şəbəkəsində qüvvəyə minməsi, daha sonra isə mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur.
Mənbə
oxu.az