Cəmiyyət

Hamilə həyat yoldaşına qayğı göstərməyən ər məsuliyyət daşıya bilər - Qanun nə deyir? - VİDEO

26 Sep 2026, 05:00 2 baxış
Hamilə həyat yoldaşına qayğı göstərməyən ər məsuliyyət daşıya bilər - Qanun nə deyir? - VİDEO
Ərin hamiləlik dövründəki həyat yoldaşına göstərdiyi qayğı həm gələcək ananın sağlamlığı, həm də bətndəki körpənin inkişafı üçün ən vacib amillərdən biridir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu ərin hamiləlik dövründə həyat yoldaşına yardımı ilə bağlıdır. Sözügedən məsələ ilə bağlı Ali Məhkəmənin müvafiq qərarı var. Qeyd olunur ki, ərin həyat yoldaşının hamiləliyi ilə maraqlanmayaraq onu köməksiz vəziyyətdə qoyması şəxsiyyət hüquqlarının pozulması deməkdir və bu, mənəvi zərərin vurulması üçün əsas yaradır.

Bildirilir ki, məişət zorakılığına məruz qoyma, psixi və fiziki şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi, cərrahi əməliyyatı, müalicəsi, arvadın hamiləliyi ilə maraqlanmayaraq onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma, uşağın bioloji atası olmamasının müəyyən edilməsi, atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə edilməsi, hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənar şəxslərə bildirmə), saxta nikah bağlama (etibarsız nikah), yaşadığı evdən qanuni əsaslar olmadan çıxarılma və ailə qanunvericiliyinə zidd olan digər davranışlar ər-arvadın şəxsiyyət hüquqlarını pozur və mənəvi zərərin vurulması üçün əsas yaradır. Ər-arvaddan birinin heç bir qanuni əsas, o cümlədən digərinin razılığı olmadan şəxsi və ya ailə sirri təşkil edən məlumatları yayması qadağandır. Məsələn, şəxsi yazışmalar, keçmişi ilə bağlı məlumatlar, ər-arvad arasındakı şəxsi münasibətlər (emosional, cinsi və s.), ailədaxili davranışlar, uşaqların mənşəyi, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatlar. Atalığı mübahisələndirən şəxsin öz övladı kimi qəbul etdiyi, qayğı göstərdiyi, böyüməsində, təhsilində və tərbiyəsində iştirak etdiyi uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi həmin şəxsin valideynlik hüquqlarını pozmaqla yanaşı, işin hallarından asılı olaraq, atanın şərəf və ləyaqətinin alçaldılmasına da səbəb ola bilər. Atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə, bu tələbin qərəzli olaraq irəli sürülməsi, habelə vicdansızcasına, açıq-aşkar əsassız iddianın verilməsi isə işin hallarından asılı olaraq, arvadın şərəf və ləyaqətinin alçaldılmasına, habelə digər şəxsiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər