Maraqlı
Hər axşam iki şüşə pivə içənlərə XƏBƏRDARLIQ: Təhlükə düşündüyünüzdən böyükdür
"Hər gün pivə içmək bayramlarda nadir hallarda qəbul edilən sərt spirtli içkilərdən daha böyük təhlükə yarada bilər". Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı narkoloq və psixiatr Anton Rudkovski deyib. Həkim qeyd edib ki, bir çox insan axşamlar dincəlmək məqsədilə bir-iki şüşə pivəyə üstünlük verir və bu vərdişi alkoqol qəbulu kimi dəyərləndirmir. Ekspertin sözlərinə görə, beyin spirtli içkiləri ağır və ya yüngül olmaqla qruplaşdırmır, sadəcə olaraq məhz alkoqolun mütəmadi şəkildə rahatlıq və həzz verdiyini yadda saxlayır. "Ən təhlükəli düşüncə "mən alkoqolik deyiləm, sadəcə pivə içirəm" fikridir. Məhz bu cür arxayınlıq problemi vaxtında görməyə mane olur", - deyə mütəxəssis vurğulayıb. Narkoloqun fikrincə, asılılıq çox nadir hallarda qəfil yaranır və adətən təkrarlanan gündəlik vərdişlərlə başlayır. Müəyyən bir vaxtdan sonra şəxs pivə istəyib-istəmədiyini düşünmür və evə qayıdarkən onu avtomatik olaraq alır. Davamlı istehlak beyin sisteminə təsir göstərir, öyrəşilmiş doza olmadıqda isə əsəbilik və günün hələ başa çatmadığı hissi yaranır. Qeyd olunur ki, cəmiyyətin pivəyə münasibəti xüsusi təhlükə mənbəyidir. Bir şəxs hər axşam bir qədəh araq içərsə, ətrafdakılar bunu dərhal fərq edəcəklər, lakin işdən sonra içilən iki şüşə pivə adətən heç bir şübhə yaratmır. Rudkovski əlavə edib ki, əsl təhlükə insanın çox içdiyi zaman deyil, spirtli içkinin gündəlik həyatın ayrılmaz bir parçasına çevrildiyi an başlayır.
Mənbə
oxu.az