Dünya
Yaponiyada şiddətli tayfun təhlükəsi: Milyonlarla insana təxliyə xəbərdarlığı
Yaponiyanın Honşu adasında yaxınlaşan "Ducuan" tayfununun fəsadları ilə əlaqədar 1.6 milyondan çox insana hökumət tərəfindən təxliyə olunmaq barədə xəbərdarlıq edilib. Oxu.Az xəbər verir ki, bu barədə yerli qurumlar məlumat yayıblar. Paytaxt Tokio prefekturasında (Sakit okeandakı adalar da daxil olmaqla) təxliyə göstərişi 130 min nəfərə aiddir. Qonşu Tiba prefekturasında isə bu tədbirlər 983 min sakini əhatə edir. Həmçinin, Sidzuoka və İbaraki prefekturalarının bəzi sakinlərinə də təhlükəsiz ərazilərə getmək tövsiyə olunub. Təbii fəlakətin episentri Honşu adasının Sakit okean sahillərinin mərkəzi hissəsindən cənubda yerləşir və təqribən 30 km/saat sürətlə şimal-şərq istiqamətində irəliləməyə davam edir. Tokioda gün ərzində şiddətli yağışlar yağır və güclü külək əsir. Meteoroloqlar əhalini güclü leysan, çayların daşması və sürüşmə təhlükəsi barədə xəbərdar edərək, vətəndaşları küçəyə çıxmamağa çağırırlar. Bəzi ərazilərdə son 48 saat ərzində 410 mm-dən çox yağıntı qeydə alınıb. Tayfunun yaxınlaşması səbəbindən Yaponiya hökuməti məlumatların toplanması və operativ reaksiya üçün xüsusi qərargah yaradıb.
Mənbə
oxu.az