Dünya
Pakistanın sabiq baş naziri İmran Xanın bacıları saxlanıldılar
Pakistanın hüquq-mühafizə orqanları hazırda həbsdə olan keçmiş baş nazir və müxalif Ədalət Uğrunda Hərəkat (ƏUH) siyasi təşkilatının rəhbəri İmran Xanın bacıları - Üzma Xan və Norin Niyazini saxlayıblar. Oxu.Az xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, onlar ictimai asayişin qorunması haqqında qərar əsasında 30 gün müddətinə həbs ediliblər. Bir gün əvvəl isə siyasətçinin digər bacısı Alimə Xan da eyni maddə ilə saxlanılmışdı. Bu həbslər sözügedən siyasi təşkilatın sentyabrın 27-də İslamabadda sabiq baş nazirin azad edilməsi tələbi ilə planlaşdırdığı etiraz aksiyası ərəfəsində baş tutub. Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə ona qarşı irəli sürülən etimadsızlıq votumu nəticəsində vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildən etibarən siyasətçi korrupsiya ittihamı ilə 14 illik həbs cəzası çəkir. Onun həyat yoldaşı Buşra Bibi də eyni ittihamla yeddi il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə
oxu.az