Dünya
Fransız sürücülərin yeni yanacaq trendi: Dizel əvəzinə ucuz raps yağı
Fransada bəzi sürücülər yanacağın kəskin bahalaşması səbəbindən dizel əvəzinə avtomobillərinə raps yağı doldurmağa üstünlük verirlər. Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Ölkədə raps yağının bir litrinin qiyməti 1.53 avro təşkil edir. Bu isə ənənəvi dizel yanacağından təqribən bir avro ucuzdur. Telekanalın məlumatına əsasən, gənclərin öz nəqliyyat vasitələrinə bu cür alternativ yanacaq doldurmasını əks etdirən sosial şəbəkə videoları bir milyondan çox baxış toplayıb. Bununla belə, bir çox avtomobil sahibləri mühərrikdə, xüsusən də yanacaq ötürmə sistemində yarana biləcək nasazlıqlardan ehtiyat edərək raps yağına keçmək niyyətində deyillər. Bundan əlavə, Fransada təyinatı üzrə olmayan yanacaq növündən istifadəyə görə 200 avro məbləğində cərimə nəzərdə tutulur. Qeyd edək ki, sentyabrın 20-də Fransada dizel yanacağının 1 litrinin qiyməti 2.41 avroya çataraq rekord vurub. Hökumətin rəsmi nümayəndəsi və energetika məsələləri üzrə nümayəndə-nazir Mod Brejon LCI telekanalının efirində bildirib ki, Nazirlər Kabineti işə getmək üçün avtomobildən istifadə edən vətəndaşlara əlavə maliyyə yardımı planı üzərində çalışır.
Mənbə
oxu.az