Dünya
Konqoda Eboladan ölənlərin sayı artdı
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı 3700-ə yaxınlaşıb. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Konqo Milli İctimai Səhiyyə İnstitutunun gündəlik bülletenində məlumat verilib. Məlumata görə, ölkədə Eboladan ölənlərin sayı son 24 saat ərzində 23 nəfər artıb ki, bu da ölənlərin ümumi sayını 3699-a çatdırıb. Yoluxanların sayı son 24 saat ərzində 58 nəfər artaraq, 7672 nəfər olub. Ölüm nisbəti 48.2% təşkil edib. Xəstəliyin əlamətləri olan 900-dən çox şəxs xəstəxanalarda və tibbi təcridxanalardadır. Ölkənin 26 əyalətindən 7-si Ebolanın təsirinə məruz qalıb. Xatırladaq ki, Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikası və Uqandada başlayıb. Bu, xəstəliyin Afrikada bütün müşahidələr tarixi ərzində ölüm nisbətinə görə ikinci fakt olub. İyulun 28-də Uqanda hakimiyyəti ölkələrində Ebola epidemiyasının başa çatdığını elan edib. Avqustun 25-də Ümumdünya Səhiyyə Təşkilatı Uqandada epidemiyanın sona çatdığını təsdiqləyib. Ən böyük Ebola epidemiyası 2014-2016-cı illər arasında Qərbi Afrikada, Qvineya, Liberiya və Syerra-Leone ərazisində baş verib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, o zaman yoluxma hallarının sayı 28 600-ə çatıb, ölənlərin sayı isə 11 000-i keçib. Ebola virusu insanlara vəhşi heyvanlardan keçir. İnsanın Ebola virusuna ilk yoluxma halı 1976-cı ildə indiki Konqo Demokratik Respublikası (KDR) ərazisində qeydə alınıb. KDR-də hazırkı Ebola epidemiyası sayca 17-cidir.
Mənbə
oxu.az