Dünya
Almaniya kəşfiyyatı geymerlərdən yararlanacaq - SƏBƏB
Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) rusiyalı hakerlərə qarşı mübarizə aparmaq üçün geymerləri işə cəlb etməyə başlayıb. Oxu.Az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, kəşfiyyat xidmətinin əməkdaşları gənc mütəxəssisləri cəlb etmək məqsədilə Köln şəhərində keçirilən dünyanın ən böyük videooyun festivallarından biri olan "Gamescom 2026"da iştirak edəcəklər. "Biz geymerlərlə axtardığımız əsas istedadlar arasında böyük oxşarlıq görürük: onlar texniki cəhətdən savadlıdırlar, müxtəlif rollara girməyi, missiyaları yerinə yetirməyi və qələbəyə qədər məqsədlərinə doğru əzmlə irəliləməyi sevirlər", - deyə BND nümayəndəsi Yuliya Linner qəzetə bildirib. Xidmətin festivaldakı stendində ziyarətçilərə kibertəhlükəsizlik sahəsindəki bacarıqlarını yoxlamaq üçün beşmərhələli sınaq təqdim olunacaq. BND, həmçinin namizədləri cəlb etmək məqsədilə məxfilik və hakerlik bacarıqlarının yoxlanıldığı "BND Legends" adlı öz videooyununu hazırlayıb. Almaniya kansleri Fridrix Mertsin hökuməti BND-yə Rusiyanın kiberhücumlarına cavab verməyə imkan verən islahatları təsdiqlədikdən sonra geymerlərin işə cəlb edilməsi prioritetə çevrilib.
Mənbə
oxu.az