Bu məhsulları soyuducuda 48 saatdan çox saxlamayın
Bir çox insan hazır yeməklərin soyuducuda təxminən bir həftə təhlükəsiz şəkildə saxlanıla biləcəyini düşünür.
Lakin qida təhlükəsizliyi üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi yemək qalıqları artıq 48 saatdan sonra potensial təhlükə yarada bilər. Hətta onların qoxusu, rəngi və ya dadı dəyişməsə belə, tərkibində ciddi qida zəhərlənməsinə səbəb ola biləcək bakteriyalar çoxala bilər.
Axar.az Lent.az-a istinadən soyuducuda iki gündən artıq saxlanıldıqdan sonra hansı məhsullardan imtina etməyin daha təhlükəsiz olduğunu təqdim edir:
Bişmiş düyü
Bir çoxları düyünü ən təhlükəsiz qarnirlərdən biri hesab edir, amma bu, tam belə deyil. Çiy düyünün tərkibində bişirmə prosesindən sağ çıxa bilən Bacillus cereus bakteriyasının sporları ola bilər.
Bişmiş düyü otaq temperaturunda uzun müddət qalarsa və ya həddindən artıq saxlanılarsa, bakteriyalar fəal şəkildə çoxalmağa və toksinlər ifraz etməyə başlaya bilər. Buna görə düyünü bişirdikdən sonra mümkün qədər tez soyutmaq və soyuducuya yerləşdirmək lazımdır.
Əgər 48 saatdan çox vaxt keçibsə, belə düyünü yeməmək daha məqsədəuyğundur.
Bişmiş tərəvəz və göyərti olan salatlar
Hazır salatlar, xüsusilə kahı yarpaqları, göyərti, bişmiş tərəvəzlər və müxtəlif souslarla hazırlananlar təzəliyini tez itirir.
Rütubət təhlükəli mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yaradır. Salat bir neçə gündür soyuducuda qalıbsa, hətta tam normal görünsə belə, onu dadmaq məsləhət görülmür.
Belə məhsulların istifadəsi mədə-bağırsaq pozğunluğu və ya qida zəhərlənməsi ilə nəticələnə bilər.
Tam bişirilməmiş və ya kifayət qədər istilik emalından keçməmiş ət
Mal, donuz və ya toyuq ətindən hazırlanmış, tam bişirilməmiş yeməklərin saxlanmasına xüsusi diqqət yetirmək lazımdır. Soyuducuda belə bakteriyaların fəaliyyəti tamamilə dayanmır.
Mütəxəssislər bu cür ət yeməklərini iki gündən çox saxlamamağı məsləhət görürlər. Təkrar istifadə etməzdən əvvəl ət təhlükəsiz temperatura qədər yaxşıca qızdırılmalıdır.
Dəniz məhsulları
Balıq, krevet, midiya, kalmar və digər dəniz məhsulları tez xarab olan ərzaqlar sırasındadır. Zülalla zəngin olduqları üçün onlar bakteriyaların çoxalması üçün əlverişli mühit yarada bilər.
Dəniz məhsulları daim soyuducuda saxlanılsa belə, 48 saatdan sonra onların istifadəsi tövsiyə edilmir. Bu, xüsusilə souslu və ya əvvəllər yenidən qızdırılmış dəniz məhsullarına aiddir.