Dünya
Rusiya XİN: "KTMT Ermənistanla hərbi əməkdaşlıq həyata keçirmir"
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) xətti ilə Ermənistanla hərbi və hərbi-texniki sahələrdə qarşılıqlı fəaliyyət həyata keçirilmir. Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Birinci departamentinin direktoru Mikael Aqasandyan "RİA Novosti"yə açıqlamasında bildirib. "Hazırda KTMT xətti ilə Ermənistanla hərbi, hərbi-texniki və digər sahələrdə qarşılıqlı fəaliyyət həyata keçirilmir", - deyə Aqasandyan bildirib. O, KTMT çərçivəsində hərbi-texniki təchizat məsələsində Ermənistana güzəştli şərtlərin tətbiq edilib-edilməməsi ilə bağlı suala cavabında qeyd edib ki, müvafiq əməkdaşlıq İrəvanla ikitərəfli əsasda davam etdirilir. Rusiya XİN nümayəndəsinin sözlərinə görə, hərbi təyinatlı məhsulların güzəştli şərtlərlə tədarükünü də nəzərdə tutan zəruri hüquqi baza mövcuddur. Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu elan edib. Baş nazir Nikol Paşinyan bu qərarı müttəfiqlərin 2021-2022-ci illərdə İrəvan qarşısında öhdəliklərini yerinə yetirməməsi ilə izah edib. İyunun 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT üzvlük haqlarının ödənilməməsi səbəbindən Ermənistanla bağlı Nizamnamənin müvafiq maddəsinin tətbiqi imkanının nəzərdən keçiriləcəyini bildirib.
Mənbə
oxu.az