Dünya
Ukrayna "Storm Shadow" uzaqmənzilli raketlərini özü istehsal edəcək
Ukrayna "Storm Shadow" uzaqmənzilli raketlərinin istehsalını ölkə daxilində həyata keçirməyə hazırlaşır. Böyük Britaniya bunun üçün müvafiq texnologiyaların Ukraynaya ötürülməsini təsdiqləyib və müdafiə sənayesi şirkətlərinin bu əməkdaşlığa cəlb olunacağını açıqlayıb. Oxu.Az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan Böyük Britaniyanın Baş naziri Endi Bernhem açıqlayıb. Bernhemin sözlərinə görə, Böyük Britaniya 2023-cü ildə Ukraynaya ilk dəfə uzaqmənzilli silahlar təqdim edib. O bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski "Storm Shadow" texnologiyasının paylaşılmasını və ölkəsinin bu imkanları müstəqil şəkildə inkişaf etdirməsini istəyib. "Bu gün həmin müraciəti təsdiqlədiyimi bildirməkdən məmnunam. Britaniya və Fransa sənayesi bu imkanların inkişafı üçün Ukrayna ilə birlikdə çalışacaq", - deyə baş nazir bildirib. Qeyd edək ki, Böyük Britaniya müdafiə şirkəti MBDA-ya uzaqmənzilli SCALP raketində istifadə olunan Britaniya komponentləri ilə bağlı məxfi məlumatların açıqlanmasına icazə verib. Bu addım Ukrayna və Fransa ilə birlikdə yerli istehsal və yığım imkanlarının yaradılmasına şərait yaradacaq. SCALP "Storm Shadow" raketinin Fransa versiyasıdır. Hər iki raket Britaniya və Fransa tərəfindən hazırlanmış ortaq texnologiyalardan istifadə edir.
Mənbə
oxu.az