Dünya
Altı ölkə neft şirkətlərinin qazancına göz dikdi: Yeni vergi təklifi
Altı Avropa ölkəsi İrandakı müharibə fonunda gəlirləri artan neft şirkətləri üçün supermənfəət vergisinin tətbiq edilməsini təklif edib. Oxu.Az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Almaniya, İtaliya, Avstriya, Polşa, Portuqaliyanın maliyyə nazirləri və İspaniyanın iqtisadiyyat naziri tərəfindən imzalanan məktubda neft şirkətlərinin qlobal miqyasda yüksək gəlirlilikdən faydalandığı və xam neftin qiymət artımını üstələyən gəlirlər əldə etdiyi bildirilib. Almaniyanın maliyyə naziri Lars Klingbaylın sözlərinə görə, ölkələr mövcud böhran zamanı istehlakçıları soymağa yol verə bilməzlər. Hazırda Avropa İttifaqı bu məsələ ilə bağlı hər hansı şərh verməyib. Almaniya hökumətində də təkliflə bağlı fikir ayrılığı yaranıb. Belə ki, Almaniya kansleri Fridrix Merts və Xristian-Demokrat İttifaqı verginin tətbiqinə qarşı çıxış edir. "Avrostat"ın məlumatına görə, iyul ayında Avropanın bir sıra ölkələrində yanacağın qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Rumıniyada yanacaq 24.2 faiz bahalaşıb. Almaniya və Litvada bu göstərici 22.9 faiz, Bolqarıstanda 22.2 faiz, Niderlandda 22 faiz, Finlandiyada isə 20.5 faiz təşkil edib. Yanacağın qiymətində ən az artım İsveçdə (1.2 faiz) və İrlandiyada (3.2 faiz) qeydə alınıb. Macarıstanda isə qiymətlər, əksinə, 0.1 faiz azalıb.
Mənbə
oxu.az