Dünya
ABŞ-də iki balıqçı tarixdə ikinci ən böyük mavi marlin balığını tutub - FOTO
Massaçusets ştatından olan iki balıqçı əvvəlcə köpəkbalığı tutduqlarını düşünüblər, lakin onların tilovuna 400 kiloqram ağırlığında Atlantik mavi marlin düşüb. Bu balıq ABŞ-nin Şərq sahillərində indiyədək tutulan ən böyük Atlantik mavi marlin hesab olunur. Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. Məlumata görə, Massaçusetsdən olan təcrübəli balıqçı və gəmi kapitanı Deymon Sakko müştərisi ilə birlikdə bir neçə saat balıq tutduqdan sonra suyun səthində nəhəng üzgəc görüb. Əvvəlcə Sakko bunun böyük bir köpəkbalığı olduğunu düşünüb. O, balığın marlin üçün həddindən artıq böyük olduğunu deyib. Balığın uzunluğu təxminən 4 metr olub. Sakko marlinlə tilov və çarx vasitəsilə təxminən üç saat mübarizə aparıb. Balıqçı bunun həyatı boyu qarşılaşdığı ən böyük balıq olduğunu bildirib. Nəhəng marlin gəmiyə zərər vurub və gəmi sahilə yedəklənib. Sahildə isə balıqçıları artıq onlarla insan gözləyib. Massaçusetsdə tutulan marlinin çəkisi 1992-ci ildə Braziliya sahillərində tutulan Atlantik mavi marlin üzrə dünya rekordundan cəmi 50 kiloqram az olub. Bu barədə Beynəlxalq İdman Balıqçılığı Assosiasiyasının qeydlərində məlumat verilir. Balığın başı yaşının müəyyənləşdirilməsi üçün Massaçusets Universitetinin laboratoriyasına göndərilib. Ekspertlər onun 25-30 yaş arasında ola biləcəyini ehtimal edirlər.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər