Dünya
Misir səhrasının sirri açıldı: Milyonlarla il əvvəl burada nə olub? - FOTO
Alimlərin Misir səhrasında apardıqları araşdırmalar göstərib ki, bu ərazi bir zamanlar qədim su hövzəsinin altında olub. Oxu.Az xəbər verir ki, bu barədə "Science Alert" məlumat yayıb. Tədqiqatçıların sözlərinə görə, Təbaşir dövründə bu region qida maddələri ilə zəngin dərin dəniz axınlarının qidalandırdığı inkişaf etmiş tropik dəniz ekosistemi olub. Son araşdırmada paleontoloqlar Əbu-Tartur yaylasını tədqiq edərək burada regionun biomüxtəlifliyinə dair sübutlar, o cümlədən müxtəlif balıq növlərinin məskunlaşdığı ərazidə yaşayan köpəkbalıqlarına aid dişlər aşkar ediblər. Alimlər ən azı yeddi müxtəlif köpəkbalığı növünü müəyyən edə biliblər. Məlum olduğu kimi, Təbaşir dövründə, təxminən 145-66 milyon il əvvəl, planetimiz tamamilə fərqli görkəmdə olub. Tektonik aktivliyin yaratdığı istixana iqlimi şəraitində Yer kürəsində temperatur əhəmiyyətli dərəcədə yüksək olub, qütb buzlaqları isə ya çox az olub, ya da ümumiyyətlə mövcud olmayıb. Bu gün tanıdığımız quru ərazilərinin, o cümlədən Şimali Afrikanın böyük hissəsi həmin dövrdə su altında qalıb. Yeni araşdırmada tədqiqatçılar əvvəllər Əbu-Tarturda müəyyən edilməmiş beş ayrı köpəkbalığı növünə aid daha 14 diş aşkar ediblər. Dünyanın müxtəlif yerlərində əldə edilmiş digər fosil tapıntıları ilə müqayisə aparan alimlər bu dişlərin nəsli kəsilmiş beş növə aid olduğunu müəyyənləşdiriblər. Qeyd edək ki, bu beş növün hamısı Əbu-Tartur üçün yeni tapıntıdır. Bundan əlavə, onlardan ikisi Misir üçün də yeni növlər hesab olunur. Daha maraqlısı isə budur ki, görünür, bu köpəkbalıqları bir-biri ilə birbaşa rəqabət aparmayıb. Əksinə, onlar zəngin dəniz mühitində müxtəlif ekoloji yuvaları tutublar.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər