Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
Görünür, ruslar qaz tankerlərini Arktika marşrutu ilə göndərməyə başlayıblar.
Axar.az xəbər verir ki, bu barədə “Defence Express” məlumat yayıb.
Nəşr qeyd edib ki, bununla Rusiya tankerləri mümkün hücumlardan qorumağa çalışır:
“Şimal Dəniz Marşrutu Yaxın Şərqdən keçən ənənəvi marşrutdan daha qısadır. Lakin bu marşrut çoxsaylı risk və məhdudiyyətlərlə əlaqəlidir və ilin böyük hissəsində buzla örtülü olur”.
Bildirilir ki, bu marşrutla “Portovyy” adlı mayeləşdirilmiş təbii qaz daşıyan tanker göndərilib. Gəmi Baltik dənizində yerləşən Rusiyanın qaz terminalından yola çıxıb. Onu “Admiral Qorşkov” sinfinə aid “Admiral Kasatonov” freqatı müşayiət edib. Tankerin təyinat limanı kimi Murmansk göstərilib.
“Ehtimal ki, bu tankerdəki qaz Şərqi Asiyadakı müştəri üçün nəzərdə tutulub və Rusiyanın şimal sahilləri boyunca uzanan Şimal Dəniz Marşrutu ilə ora çatdırılacaq”, – deyə nəşr vurğulayıb.
Analitiklərin fikrincə, bütün bunlar onu göstərir ki, ruslar tankerlərini Avropadan yan keçərək Aralıq dənizinə və daha sonra Süveyş kanalından keçən standart marşrutlarla göndərməkdən çəkinməyə başlayıblar. Onların fikrincə, bunun səbəbi bu ilin martında Aralıq dənizində “Arktik Metagaz” tankerinə Ukraynanın endirdiyi zərbədir.