Dünya
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri: Həkimlər xəbərdarlıq etdilər
Böyük Britaniyanın "Healthline" tibb portalının və ABŞ-nin Klivlend Klinikasının həkimləri gecələr ayaqlarda qıcolmaların niyə baş verə biləcəyini izah ediblər. Oxu.Az xəbər verir ki, bu barədə onlar "Metro" nəşrinə müsahibələrində danışıblar. "Healthline" portalının mütəxəssislərinin sözlərinə görə, ayaq qıcolmalarına motor (hərəkət) neyron xəstəliyi, periferik neyropatiya, Parkinson xəstəliyi, osteoartrit, qaraciyər, böyrək və qalxanabənzər vəzi xəstəlikləri, eləcə də diabet və ürək-damar xəstəlikləri səbəb ola bilər. Eyni zamanda, həkimlər qeyd ediblər ki, bu hallarda qıcolmalardan başqa digər simptomlar da müşahidə olunur. Bunlara şiddətli ağrı, ayaqların şişməsi, əzələ zəifliyi və dərinin qızarması daxildir. Klivlend Klinikasının həkimləri vurğulayıblar ki, əksər hallarda gecə qıcolmaları təhlükəli xəstəliklərdən qaynaqlanmır. "50 yaşdan yuxarı insanların demək olar ki, hamısında ən azı bir dəfə qıcolma baş verir. Qadınların təxminən 40 faizində hamiləlik dövründə çəki artımı səbəbindən ayaqlarda qıcolmalar yaranır", - deyə həkimlər bildiriblər.
Mənbə
oxu.az