"Sabah"ı izlədim, sürətli komandadır - Kojux
“Sabah” keyfiyyətli və sürətli komandadır.
Axar.az xəbər verir ki, bunu İsrailin “Hapoel” (Beer-Şeva) komandasının baş məşqçisi Ran Kojux UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”a qarşı keçirəcəkləri ilk oyundan əvvəl deyib.
Mütəxəssis qarşıda duran matçın həm özü, həm də klub üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib:
“Qarşıdakı pley-off oyunu bir məşqçi kimi mənim, eləcə də klubumuz üçün son dərəcə vacib məqamdır. Nəticədə “Sabah”la matç yeni rəqiblə görüşdür və biz bu oyuna digər qarşılaşmalarda olduğu kimi ciddi hazırlaşırıq. Rəqibin oyunlarının videolarını izləyərkən çox keyfiyyətli və sürətli komanda gördüm. Onlar kəsərli ötürmələr və standart vəziyyətlərlə rəqibi cəzalandırmağı yaxşı bacarırlar. Meydanda yaxşı təşkilatlanmış və hazırlıqlı kollektiv var”.
Qeyd edək ki, avqustun 19-da keçiriləcək "Hapoel" - "Sabah" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab oyunu isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.