Dünya
İlk dəfə olaraq danimarkalı çağırışçılar Qrenlandiyaya göndərildilər
İlk dəfə olaraq bir qrup danimarkalı çağırışçı Qrenlandiyaya göndərilib. Oxu.Az bu barədə Danimarka Silahlı Qüvvələrinin rəsmi saytına istinadən xəbər verir. Məlumatda qeyd olunur ki, çağırışçılar tanış olmadıqları ərazidə hərbi bacarıqlarını tətbiq edib təkmilləşdirəcək, "Arctic Endurance" təlimləri zamanı əməliyyat xidmətində iştirak edəcək və Arktikada baza hazırlığı çərçivəsində qrenlandiyalı həmkarları ilə əməkdaşlıq edəcəklər. Fevral ayında 11 aylıq xidmətə çağırılan Şlezviq piyada alayının gənc əsgərlərindən ibarət ilk qrup avqustun əvvəlində adanın paytaxtı Nuuk şəhərinin hava limanına enib. Qrenlandiyada onların bir hissəsi adanın qərbində yerləşən Kanqerlussuaq məntəqəsində, digər hissəsi isə Nuukda qalacaq. Şimal Qütb dairəsindən şimalda yerləşən Kanqerlussuaq qayalı yamacları və bir ağacın belə olmadığı geniş açıq əraziləri ilə seçilir.
Mənbə
oxu.az