Cəmiyyət
İlin son Günəş tutulması bu ay olacaq
2026-cı ilin ikinci və sonuncu Günəş tutulması avqustun 12-də baş verəcək. Bu, tam Günəş tutulması olacaq. Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, tutulmanın tam fazası İslandiya, İspaniya, Portuqaliyanın şimal-qərbi, Qrenlandiya, həmçinin Atlantik okeanının şimal hissəsindən keçən zolaqda müşahidə ediləcək. Qismən Günəş tutulması isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi bölgələrində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək. Bakı vaxtı ilə tutulma saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq. Maksimum faza isə saat 21:46-da baş verəcək. Ümumilikdə təxminən beş saat davam edəcəyi gözlənilən tutulma zamanı Günəş diskinin tam örtülməsi təqribən yeddi dəqiqə çəkəcək. Məlumatda qeyd olunub ki, tutulmaların tipi iki əsas faktordan asılıdır. Bunlardan birincisi Günəş, Ay və Yerin kosmosdakı qarşılıqlı vəziyyəti, digəri isə müşahidəçinin mövqeyidir. Ay orbitinin Yer orbiti ilə kəsişmə nöqtəsində yeni Ay fazası baş verdikdə və Günəş, Ay və Yer eyni xətt üzərində yerləşdikdə Günəş tutulması yaranır. Bu kəsişmə nöqtələri astronomiyada düyün nöqtələri adlanır. Tam Günəş tutulmasını yalnız Ayın tam kölgəsinə düşən müşahidəçi izləyə bilir. Kölgənin mərkəzindən uzaqlaşdıqca Günəş diskinin örtülmə faizi azalır və yarımkölgədə olan müşahidəçi yalnız qismən tutulmanı görə bilir. Əgər Ay düyün nöqtəsindən bir qədər uzaqda yerləşərsə, ümumiyyətlə, tam tutulma müşahidə olunmur. Bu halda müşahidə mövqeyindən asılı olmayaraq, yalnız qismən tutulma görünür. Həmçinin Ay öz orbitinin apogeyində olarsa, tam deyil, halqalı Günəş tutulması müşahidə edilir. Çünki Yerdən ən uzaq mövqedə yerləşən Ay Günəş diskini tam örtə bilmir. Cari ilin ilk Günəş tutulması kimi, sonuncu Günəş tutulması da Azərbaycandan müşahidə olunmayacaq. Azərbaycandan müşahidə edilən son Günəş tutulması 25 oktyabr 2022-ci ildə baş vermiş qismən Günəş tutulması olub. Ölkəmizdən müşahidə edilə biləcək növbəti tutulma isə 2 avqust 2027-ci ildə baş verəcək. Bu, tam Günəş tutulması olsa da, Azərbaycan tam kölgə zolağından kənarda qalacağı üçün ölkəmizdən yalnız qismən tutulma fazasını izləmək mümkün olacaq.
Mənbə
oxu.az