Şou biznes
Keti Perri musiqisindən bombardman videosunda istifadəsinə görə Ağ Evə etiraz etdi
Amerikalı müğənni Keti Perri Ağ Evin İran ərazisinə endirilən zərbələri əks etdirən videoda onun mahnısından istifadə etməsinə etiraz edib. Oxu.Az xəbər verir ki, müğənni bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. "Özünə hörmət və ruhlandırma mesajını dağıntı və zorakılıq görüntülərinə musiqi kimi əlavə etmək mənim mahnımın müdafiə etdiyi bütün dəyərlərə tamamilə ziddir", - deyə Perri bildirib. Müğənni qeyd edib ki, onun musiqisindən bu cür kontekstdə istifadə edilməsinə razılıq verməyib. O vurğulayıb ki, "Firework" mahnısını həyatlarının ən çətin dövrlərindən keçən insanlar üçün ümid, sağalma və daxili güc himni kimi yazıb. Perrinin sözlərinə görə, onun musiqisinin məqsədi müharibəni təbliğ etmək deyil, insanları birləşdirməkdir. Qeyd edək ki, Ağ Evin "TikTok" hesabında İrana zərbələri əks etdirən video yayımlanıb. Videoda Keti Perrinin "Firework" mahnısından istifadə olunub.
Mənbə
oxu.az