Bu verilişlər bağlandı, onlar cəzalandı: bəs sonra?
Azərbaycanda 2026-cı ilin 5 ayı üçün əhali artımı ilə bağlı statistika açıqlanıb: 2026-cı ilin 1 iyununa qədər olan məlumata görə (yəni ilin ilk 5 ayında), əhali artımı cəmi 9287 nəfər təşkil edib. Bu hesabla ilin sonuna, yəni 2026-cı il üçün əhali artımını 22 min civarında gözləmək olar. 2025-ci ildə əhali artımı 37.462, 2024-cü ildə isə 44.119 nəfər idi.
Beləliklə, ildən ilə ölkəmizdə əhali sayının azalması prosesi davam edir. Bu il isə bu artımın kəskin azalacağı gözlənilir.
Mövzu ilə bağlı Axar.az-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, əhali artımında azalmanın səbəbləri müxtəlifdir.
“Həm sosial-iqtisadi səbəblər var, həm də mənəvi. Hazırda mənəvi dəyərlərə hücumlar var. Müasir həyat tərzi adı altında eqoizm təbliğ olunur. Son zamanlarda gənclər arasında “öz həyatınızı yaşayın” tipli fikirlər təbliğ olunur. Elə gənclər də açıq şəkildə uşaqlara vaxt ayırmaq istəmədiklərini bildirirlər. Buna görə də maddi imkanı yaxşı olan gənclər də evlənməyə həvəsli deyillər”, - o bildirib.
Ekspertin fikrincə, hazırda toy xərcləri də ailə qurmaq istəyənlərə mane olur:
“Həmçinin evlilik tələbləri yüksəlib və hər kəs komfort axtarışındadır: ev, yaxşı gəlir olmadan ailə qurmaq istəmir”.
Sosioloqun sözlərinə görə, problemin aradan qalxması üçün iki istiqamətdə iş aparılmalıdır:
“Birincisi, dövlət tərəfindən dəstək-yardım paketləri artırılmalıdır, gənclərin ev almasına və işlə təminatına şərait genişləndirilməlidir.
İkincisi isə mənəvi dəyərlər əleyhinə aparılan təbliğatlar dayandırılmaldır.
Son dövrlərlə bununla bağlı təbliğat aparan bir çox sosial şəbəkə istifadəçisi cəzalandırıldı və bir çox verilişin yayımı dayandırıldı. Gözəl addımdır, ancaq bunlar davam etdirilməli və üzərinə daha çox düşülməlidir. Milli dəyərlərimizlə bağlı düzgün təbliğat aparılsa, daha yaxşı olar.
Gənclər anlamalıdır ki, bütün istədikləri birdən reallaşa bilməz”.
Sosioloqun sözlərinə görə, nikahların və doğum sayının azalması xalqın qocalmasına səbəb olur:
“Bu strateji milli təhlükəsizlik məsələsidir. Hamımız birlikdə sağlam cəmiyyət, ailə modelini qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.