Siyasət

Məcburi psixiatriya yardımı ilə bağlı QANUNDA DƏYİŞİKLİK

23 Jul 2026, 13:34 4 baxış
Məcburi psixiatriya yardımı ilə bağlı QANUNDA DƏYİŞİKLİK
"Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən, psixiatriya müayinəsinin yekununa (diaqnoza) dair dərhal müayinə üçün müraciət etmiş şəxsə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat veriləcək. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qərar inzibati xətaya dair iş üzrə icraatı aparan prokuror və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul ediləcək. Bu halda da prokurorun və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinin qərarı ilə psixiatriya müayinəsi, habelə profilaktik müayinə aparılacaq. Məcburi hospitallaşdırma (tibbi xarakterli məcburi tədbirlər) zamanı pasiyentin özü və ya digər şəxslər üçün bilavasitə təhlükə doğuran hərəkətlərinin qarşısının alınması məqsədilə psixiatriya müəssisəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hədlərdə rejim qaydaları və təhlükəsizlik tədbirləri təmin olunacaq. Psixi pozuntu vəziyyətində olan şəxsin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı barədə müvafiq psixiatriya müəssisəsinin rəhbəri dərhal həmin şəxsin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, prokurora və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsinə məlumat verməlidir. Psixiatriya yardımı alan və ya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə ediləcək. Həmin şəxsin qanuni nümayəndəsinə qeyd olunan məlumatlar onun yazılı müraciətindən sonra iki iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunacaq. Müalicədən imtina edilməsi ilə bağlı məlumatlar elektron sağlamlıq kartı sisteminə daxil ediləcək. Tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla aparılacaq. Dövlət başçısı "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 444-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər