Şou biznes
Ancelina Colinin qızı məhkəməyə üz tutdu - SƏBƏB
Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin qızı Vivyen atasının soyadından imtina etmək üçün məhkəməyə müraciət edib. Oxu.Az xəbər verir ki, bu barədə məhkəmə sənədlərinə istinadən "People" jurnalı məlumat yayıb. Nəşrin məlumatına görə, 18 yaşlı Vivyen rəsmi adının "Vivyen Marşelin Coli-Pitt"dən "Vivyen Marşelin Coli"yə dəyişdirilməsi ilə bağlı Los-Anceles Dairəsinin Ali Məhkəməsinə vəsatət təqdim edib. Məhkəmə sənədlərində adın dəyişdirilməsi üçün şəxsi motivlərin əsas göstərildiyi qeyd olunub. Sənədlərə əsasən, məsələ ilə bağlı məhkəmə iclası noyabrın 2-nə təyin edilib. Xatırladaq ki, bundan əvvəl aktyorun övladlığa götürdüyü 24 yaşlı Meddoks və 21 yaşlı Zaxara da Bred Pittin soyadından imtina etmişdilər. "Los Angeles Daily Journal" qəzetinin elanlar bölməsində onların artıq Meddoks Çivan Coli və Zahara Marli Coli adlarından istifadə etmək istədikləri barədə məlumat dərc olunmuşdu. Bundan başqa, 2024-cü ilin iyulunda cütlüyün digər qızı Şaylo da atasının soyadından imtina etdiyini açıqlamışdı.
Mənbə
oxu.az