Cəmiyyət

Heyvanlara qarşı kobud davranmağa görə böyük məbləğdə cərimələnə bilərsiniz - Qanun nə deyir? - VİDEO

23 Jul 2026, 05:00 3 baxış
Heyvanlara qarşı kobud davranmağa görə böyük məbləğdə cərimələnə bilərsiniz - Qanun nə deyir? - VİDEO
Heyvanlara sevgi, insan mənəviyyatının ən ali və təmənnasız göstəricisidir. Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu heyvanlara qarşı rəhimsiz rəftar edilməsi ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Qeyd olunan əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə 800 manatdan 1 000 manatadək məbləğdə cərimə tətbiq edilir. Rəhimsiz rəftar olunmasına görə heyvanın şikəst edilməsinə səbəb olduqda 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olarsa, həmin şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə cərimə edilirlər, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin qanunvericilikdə heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsi və ya kommersiya məqsədləri üçün istifadə olunmasına görə də cəzalar nəzərdə tutulub. Belə ki, heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə olunmasına görə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs nəzərdə tutulur.
Mənbə oxu.az

Oxşar Xəbərlər