Siyasət
Slovakiya Prezidenti Azərbaycanın turizm potensialına heyran qalıb
"Slovakiya və Azərbaycanın ikitərəfli əməkdaşlığının mühüm praktiki nəticəsi bu ilin oktyabrında "Wizz Air" aviaşirkəti tərəfindən Bakı - Bratislava birbaşa aviareysinin işə salınması olacaq". Oxu.Az xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada, "AnewZ" telekanalı üçün tanınmış jurnalist Mixail Qusmana verdiyi eksklüziv müsahibəsində deyib. Slovakiya liderinin sözlərinə görə, bu qərar hələ ötən il İlham Əliyevin Slovakiyaya səfəri zamanı elan edilmişdi. Pelleqrini hər iki ölkənin turizm potensialı barədə böyük həvəslə danışıb. O, Azərbaycanı "gözəl mətbəxi, qonaqpərvərliyi və təbiəti - dənizdən dağlara qədər" olan bir ölkə kimi xarakterizə edib. Öz növbəsində o, azərbaycanlıları Slovakiyaya dəvət edərək, xüsusilə ürək, dayaq-hərəkət aparatı və mədə-bağırsaq traktı xəstəliklərinə kömək edən müalicəvi kurortları qeyd edib. "Slovakiya hər kvadrat kilometrə düşən qəsrlərin sayına görə dünya lideridir. Bütün Avropa ölkələri arasında ən çox qəsr bizdədir", - deyə prezident qeyd edib. Pelleqrini, həmçinin iki ölkə arasında tələbə mübadiləsinin genişləndirilməsinə çağırıb: "Ən yaxşısı odur ki, siz prezident kimi bir ölkəyə gəlirsiniz və "mən 20 il əvvəl sizin ölkənizdə oxumuşam" deyən insanlarla qarşılaşırsınız. Dərhal bir əlaqə yaranır".
Mənbə
oxu.az
Oxşar Xəbərlər