İdman
Azərbaycan klublarından avrokuboklarda TARİXİ REKORD
Avropa arenalarında mübarizə aparan Azərbaycan klubları tarixi rekorda imza atıblar. Oxu.Az xəbər verir ki, futbol tariximizdə ilk dəfədir ki, komandalarımız avrokubokların eyni təsnifat mərhələsi daxilində ardıcıl altı dəfə sevinən tərəf olurlar. Təmsilçilərimiz cari mövsüm ərzində meydana çıxdıqları ilk altı qarşılaşmanın hamısında meydanı qələbə ilə tərk ediblər. Bu oyunlarda rəqib qapılarından ümumilikdə 16 top keçirən komandalarımız öz qapılarında cəmi bir qol görüblər. Təmsilçilərimizin bu performansı UEFA-nın əmsallar cədvəlinə də birbaşa təsir edib. Belə ki, hazırda Avropa turnirlərində mübarizəyə qoşulan 33 ölkə arasında Azərbaycan heç bir xal itkisinə məruz qalmayan yeganə dövlətdir. Məlumat üçün bildirək ki, təmsilçilərimizdən "Sabah" UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Uelsin "TNS" klubunu iki matçın yekununda 4:1, "Qarabağ" UEFA Avropa Liqasının müvafiq mərhələsində İslandiya "Vestri"sini 6:0, "Zirə" isə UEFA Konfrans Liqasında Gürcüstanın "Torpedo Kutaisi" komandasını eyni - 6:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Mənbə
oxu.az