Dünya
Qüvvələr balansının dəyişməsi: Sakit və Hind okeanlarında ABŞ-nin cəmi bir aviadaşıyıcısı qalıb
2021-ci ildən bu yana ilk dəfə olaraq ABŞ hərbi qüvvələrini Fars körfəzi regionunda cəmləşdirməsi səbəbindən Sakit okeanın qərb və Hind okeanının şərq sularında cəmi bir aviadaşıyıcı zərbə qrupu saxlayır. Halbuki əvvəllər bu rəqəm minimum iki olurdu. Oxu.Az xəbər verir ki, bu məlumatı "Nikkei" qəzeti yayıb. Mövcud məlumatlara görə, Vaşinqton İrana təzyiq göstərmək məqsədilə istifadəyə yararlı yeddi təyyarədaşıyan gəmidən üçünü Fars körfəzi zonasına yerləşdirib. Qalan dörd gəmidə isə hazırda texniki baxış və təmir işləri həyata keçirilir. Sakit okeanın qərb hissəsində ABŞ-nin daimi olaraq bir aviadaşıyıcı gəmisi fəaliyyət göstərir və Tokio körfəzinin girişindəki Yokosuka limanında bazalaşdırılıb. Buna baxmayaraq, 2016-cı ildən etibarən digər regionlardan müşayiət gəmiləri olan təyyarədaşıyanlar müntəzəm olaraq bu əraziyə dislokasiya edilirdi. "Nikkei" nəşri vurğulayır ki, hazırkı vəziyyət regionda qüvvələr balansının dəyişməsinə səbəb ola bilər. Qəzet həmçinin Çinin Sakit okeanın qərb hissəsində üç aviadaşıyıcı zərbə qrupuna malik olduğunu xatırladır.
Mənbə
oxu.az