Dünya
Dünyada yeni enerji və ərzaq böhranı gözlənilir: Xəbərdarlıq edildi
Hörmüz boğazından keçən əsas dəniz ticarəti yollarında yaranmış fasilələr artıq enerji sektorunda sarsıntılara yol açıb. Həmçinin, gübrə çatışmazlığı üzündən dünyanı daha bir ciddi təhlükə - qlobal ərzaq böhranı gözləyir. Oxu.Az-ın "Wall Street Journal" nəşrinə istinadən verdiyi məlumata görə, Beynəlxalq Qida Təhlükəsizliyi Şurasının baş katibi Con Denton məsələ ilə bağlı xəbərdarlıq edib. "Cəmiyyət cərəyan edən hadisələrə əsasən ABŞ ilə İran arasında gedən qlobal səviyyəli "teatrallaşdırılmış toqquşma" kimi baxır. Ancaq əsl dağıdıcı risk məhz gübrə qıtlığı ilə bağlıdır", - deyə baş katib diqqətə çatdırıb. Qeyd edək ki, dünya üzrə gübrə ixracatının təxminən üçdəbiri məhz Hörmüz boğazından keçir. Mövcud vəziyyət aqrar sektor təmsilçiləri üçün son dərəcə ağır nəticələrə gətirib çıxara bilər. Sözügedən marşrutun qapanması nəticəsində mövcud gübrə ehtiyatları 40 faizədək enib və bu da 2.7 milyon ton ərzaq məhsulunun bazara çıxarılmasının qarşısını alıb.
Mənbə
oxu.az