Dünya

Serj Sarqsyanla bağlı yeni cinayət işi başlanıldı

05 Oct 2026, 11:20 3 baxış
Serj Sarqsyanla bağlı yeni cinayət işi başlanıldı
Ermənistanın sabiq prezidenti Serj Sarqsyanla bağlı yeni cinayət işi açılıb. Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. Bildirilib ki, Ermənistanda 20 ildən çox müddət əvvəl dövlətə məxsus əmlakın özgəninkiləşdirilməsi prosesində yol verilmiş ehtimal edilən qanun pozuntuları faktı üzrə cinayət işi başlanıb. Məlumata əsasən, söhbət Araqatsotn vilayətində yerləşən "Van Lake Paradise" restoran kompleksinin və ona bitişik 2.56 hektarlıq torpaq sahəsinin satılmasından gedir. Məlumata görə, dövlət mülkiyyətində olan bina və qurğuların özgəninkiləşdirilməsinə müdafiə nazirinin məruzəsi əsasında hökumətin 18 mart 2004-cü il tarixli qərarı ilə icazə verilib. Həmin vaxt nazirliyə Serj Sarqsyan rəhbərlik edirdi. Əmlakın birbaşa fiziki şəxsə 500 min dollara satılmasına razılıq verilib. Eyni zamanda, prokurorluq müəyyən edib ki, hələ 1997-ci ildə həmin əmlakın dəyəri 500 min dollar məbləğində qiymətləndirilib. Bundan sonra restoran kompleksi genişləndirilib, yeni tikililər inşa edilib və abadlaşdırılıb. Lakin özgəninkiləşdirmədən cəmi bir il sonra, 26 aprel 2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən, obyektin ləğvetmə dəyəri artıq 700 min dollar olaraq müəyyənləşdirilib. Prokurorluq tərəfindən 2.56 hektar torpaq sahəsi ilə bağlı hallar da aşkar edilib. Bu sahənin icarə hüququ heç bir hüquqi və müqavilə əsası olmadan fiziki şəxsdə saxlanılıb. Sonradan isə bu fakt onun torpaq üzərində mülkiyyət hüququnu əvəzsiz olaraq əldə etməsi üçün əsas rolunu oynayıb. Qeyd olunan torpaq sahəsinin kadastr dəyəri 115 milyon 814 min 400 dram (317 min dollar) təşkil edirdi. Nəticə etibarilə, prokurorluq Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə müvafiq bildiriş göndərib. Hərbi prokurorluq dövlətin maraqlarını müdafiə etmək məqsədilə məhkəməyə iddia qaldırıb. İddia icraata qəbul edilib. Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Antikorrupsiya Məhkəməsi ölkənin sabiq prezidenti Serj Sarqsyanın barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbirini ləğv edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər