Dünya
Slovakiyada baş nazirin ödənişlərdən məhrum edilməsi üzrə referendum baş tutmadı
Slovakiyanın Dövlət Seçki Komissiyası Baş nazir Robert Fitsonun ömürlük ödənişlərdən məhrum edilməsi məsələsi ilə bağlı keçirilən referendumun baş tutmadığını elan edib. Oxu.Az bildirir ki, bu barədə ölkənin TASR informasiya agentliyi məlumat yayıb. Referendum seçici fəallığının aşağı olması səbəbindən baş tutmamış hesab edilib. Səsvermədə tələb olunan 50%-dən çox seçici əvəzinə, səsvermə hüququ olan Slovakiya vətəndaşlarının cəmi 16.3%-i iştirak edib. Qeyd edək ki, təxminən 5.45 milyon əhalisi olan ölkədə 4.33 milyona yaxın vətəndaşın səsvermə hüququ var. Referendumun baş tutmuş hesab edilməsi üçün səsvermədə 2.2 milyondan çox seçici iştirak etməli idi. Baş nazir üçün ömürlük ödənişlərin ləğvi məsələsindən başqa, referendumda hökumət orqanları sistemində xüsusi prokurorluğun və cinayətkarlıqla mübarizə agentliyinin bərpa edilməsi ideyası barədə də rəy bildirilməsi təklif olunurdu. Bu strukturlar daha əvvəl Fitso hökuməti tərəfindən ləğv edilmişdi.
Mənbə
oxu.az