Dünya
Doğulmamış uşağın xilası: Çin həkimlərindən ana bətnində unikal əməliyyat
Çinli cərrahlar ağciyərində sürətlə böyüyən şiş aşkarlanan doğulmamış körpəni xilas etmək üçün unikal cərrahi müdaxilə həyata keçiriblər. Oxu.Az xəbər verir ki, bu barədə SCMP portalı məlumat yayıb. Bildirilir ki, qırx yaşlı pasiyentin hamiləliyinin 22-ci həftəsində döldə mikrokistik tipli anadangəlmə adenomatoid ağciyər malformasiyası (CPAM) diaqnozu qoyulub. Honkonq və Şençjendən olan tibb mütəxəssislərindən ibarət qrup ana bətnində olan dölün döş qəfəsindəki törəmənin ləğv edilməsi üzrə mürəkkəb və dəqiqlik tələb edən əməliyyatı uğurla icra ediblər. Vurğulanır ki, mikrodalğalı texnologiyanın iş prinsipi su molekullarının vibrasiyası nəticəsində güclü istiliyin yaranmasına əsaslanır və bu da şiş toxumasını daxildən parçalayır. Prosesdən cəmi üç gün sonra törəmənin həcmi əhəmiyyətli dərəcədə kiçilib, yığılan maye isə tamamilə sovrulub. Körpə hamiləliyin 37-ci həftəsində qeysəriyyə kəsiyi yolu ilə 2.9 kiloqram çəkidə dünyaya gəlib. Doğuş zamanı o, sağlamlıq göstəricisi olan Apqar şkalası üzrə ən yüksək balla qiymətləndirilib.
Mənbə
oxu.az